Son günlər insanlar niyə başgicəllənmə, ürəkbulanmadan şikayət edir? - SƏBƏB
    • 3-06-2021, 18:52
    • 617

Son günlər insanlar niyə başgicəllənmə, ürəkbulanmadan şikayət edir? - SƏBƏB

Son zamanlar havaların qeyri-sabit, küləkli keçməsi insanların səhhətinə ciddi təsir göstərir. Bir çox insanlar halsızlıq, başgicəllənmə, ürək bulanmadan, təzyiqdən şikayətlənir.

Tibb mütəxəssisi Adil Qeybullanın fikrincə, buna səbəb yalnız havaların qeyri-sabit olması deyil, həm də maska qadağasının aradan qalxmasıdır: "Maskadan istifadə etdiyimiz zamanlar insanlar soyuqdəymədən, respirator xəstəliklərdən az şikayət edirdi. Amma maska məcburiyyəti aradan qaldırılandan sonra mövsümi xəstəliklərin yayılmasına bir qədər çox rast gəlinir. İnsanlar özlərini qorumurlar, eyni zamanda havaya uyğun geyinmirlər. Bu səbəbdən də müəyyən narahatlıqlar yaranır.  Düşünürəm ki, insanlar bu mövsümdə özlərini daha çox qorumalıdırlar. İmmun sistemin zəifləməsinə imkan verməməlidirlər". 


Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova da mövzu ilə bağlı News24.az-a açıqlama verib: "Hava şəraitindəki dəyişikliklər meteohəssas insanlarda müəyyən narahatlıqlar yaradır. Xüsusilə də,  küləyin sürəti artanda, temperatur yüksələndə, yaxud kəskin şəkildə aşağı enəndə bəzi insanların səhhətində problemlər ortaya çıxa bilir. Ələlxüsus yay aylarında belə hallar daha çox rahatsızlıq yaradır. Bu üzdən də biz hava proqnozlarında öncədən belə insanlara xəbərdarlıq edirik ki, səhhətlərinə diqqət etsinlər".