Bakıda mağazaların paltardəyişmə otaqlarında oğurluqlar edən şəxs saxlanılıb- FOTO-VIDEO
    • 3-11-2018, 15:13
    • 758

Bakıda mağazaların paltardəyişmə otaqlarında oğurluqlar edən şəxs saxlanılıb- FOTO-VIDEO

Saxlanılan şəxsin yaşadığı evə baxiş keçirilən zamanı oradan çoxsaylı qadın çantaları və pul qabıları aşkar olunaraq götürülüb.

Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən iri ticarət mərkəzlərindəki paltar mağazalarından silsilə oğurluqlar edilib. 
 
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
 
Belə ki, Nərimanov Rayon Polis İdarəsinə müraciət edən 5 nəfər xanım zərərçəkən müxtəlif vaxtlarda həmin ticarət mərkəzlərindəki mağazaların paltardəyişmə otaqlarında olan çantalarından ümumilikdə 3000 manat pulun və digər qiymətli şəxsi əşyalarının oğurlanması barədə məlumat veriblər.
 
Nərimanov Rayon Polis İdarəsi və 17-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Ağcəbədi rayon sakini Günel Quliyeva saxlanılıb. Qeyd edək ki, G.Quliyevanın etdiyi oğurluqlar mağazaların təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayətləri etiraf edərək bildirib ki, müştəri kimi daxil olduğu mağazaların paltardəyişmə otaqlarını gəzərək oradan oğurluqlar edib.
 
Saxlanılan şəxsin yaşadığı evə baxiş keçirilən zamanı oradan çoxsaylı qadın çantaları və pul qabıları aşkar olunaraq götürülüb. Qeyd edilən faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.

 
Fotodakı şəxsin digər analoji cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nərimanov Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

//İnter.az