Qubada azyaşlı uşaqları elektrik cərəyanı vurdu, biri öldü - YENİLƏNDİ
    • 14-06-2021, 11:21
    • 677

Qubada azyaşlı uşaqları elektrik cərəyanı vurdu, biri öldü - YENİLƏNDİ

Xəbər verdiyimiz kimi, iyunun 13-də Quba rayonunda 2 azyaşlının elektrik cərəyanı vurması nəticəsində birinin ölməsi, digərinin isə xəsarət alması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. 
   
Quba rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, elektrik xəttinin naqilinə toxunmaları nəticəsində 2008-ci il təvəllüdlü Polad Fərhadov aldığı xəsarətlərdən ölmüş, həmyaşıdı Uğur Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. 

Hazırda iş üzrə təqsirli şəxsin (şəxslərin) müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.


****
11:11

Quba rayonunda oynayan iki uşaq transformatora toxunduğu üçün elektrik cərəyanı vurub.

“Qafqazinfo” xəbər verir ki, iyunun 13-ü rayonun Zərdabi qəsəbəsində baş verib.

12 yaşlı Fərhadov Polad Fərhad oğlu və qonşusu, 13 yaşlı Bayramov Uğur Xəyyam oğlu kəndin yaxınlığında yerləşən transformatorun yaxınlığında oynayarkən onları “tok” vurub.

İlkin məlumata görə, Polad Fərhadov maraq üçün “görüm məni “tok” vuracaqmı” deyərək tranformatora toxunub və elektrik cərəyanı vurması nəticəsində uzaqlaşa bilməyib. Onu dartıb ayırmaq istəyən dostu Uğur Bayramovu da elektrik cərəyanı vurub. Onların yanında olan Poladın bacısı transormatora daş atıb və bu zaman elektrik cərəyanı hər iki uşağı buraxıb, onlar yerə yıxılıb.

Polad Fərhad vəfat edib, Uğur Bayramov hazırda xəstəxanada müalicə olunur.