“Canan”ı Məşədibabanın oğlu yazsaydı, o zaman məndən nə isə tələb etməyə haqqı olardı – Əhməd Mustafayev - VİDEO
    • 5-11-2018, 16:45
    • 4 971

“Canan”ı Məşədibabanın oğlu yazsaydı, o zaman məndən nə isə tələb etməyə haqqı olardı – Əhməd Mustafayev - VİDEO

Müğənni Əhməd Mustafayev dillər əzbəri olan “Canan” mahnısına görə qalmaqala düşüb.

News24.az xəbər verir ki, qəzəlin müəllifi mərhum Məşədibaba Aydəmirovun oğlu Mircəlal Aydəmirov olke.az saytına açıqlama verərək  Ə.Mustafayevdən gileylənib. O, ifaçının qəzələ görə halallıq almadığını deyib.

Məsələ ilə bağlı Əhməd Mustafayevlə əlaqə saxladıq. İfaçı mahnı ətrafında olan söz-sözbətə belə aydınlıq gətirdi:

“Açığı deyim ki, Məşədibabanın oğlunun harada yaşadığını bilmirəm. Əgər “Canan” bu gün avropa ölkələrində sevilirsə, deməli Məşədibabanın qəzəlinin daha da tanınmasında vasitəçi olmuşam. Çünki YouTube səhifəmdə də müəllifin adı qeyd olunub. Müəllif hüquqlarının hamısını qorumuşam.

Allah məkanını cənnət etsin. Əgər sağ olsaydı, təbii ki, bu dərəcədə yekəbaşlıq etməzdim. Ondan icazə alardım.

Bildiyiniz kimi, mən özümdə nələrsə yazıram, yaradıram. Kimsə mənim bəstələrimi icazəsiz oxusa əlbəttdə ki, mənə pis təsir edər. Amma evdə də dost-tanış yanında da demişəm ki, bu həyatda olmasam, bəstələrimi kim istəsə ifa etsin. Əsas odur ki, adımı yaşadacaqlar. Yəni, indidən halallıq verirəm.

Bu qədər insanlar Nizamidən, Füzulidən, Əliağa Vahiddən oxuyurlar. O zaman həmin ifaçılar qeyd etdiyim söz ustadlarnın nəticələrini axtarıb tapmalıdırlar? Belə bir şey dünyada yoxdur nəinki Azərbaycanda.

“Canan”ı Məşədibabanın oğlu yazsaydı, o zaman məndən nə isə tələb etməyə haqqı olardı. O boyda söz ustadının qəzəlini oxumuşamsa və pis nəticə verməyibsə ürək bulandırıcı sözlər deməyə ehtiyac yox idi. Mənim əlaqə nömrəm instagram səhifəmdə də qeyd olunub. Məni tapmaq, əlaqə saxlamaq o qədər də çətin iş deyil.

Əgər sənədlərlə sözügedən qəzəlin ona Məşədibaba tərəfindən miras qaldığını sübut edərsə o zaman boynuma düşəni edərəm. Bu məsələdən qaçmıram”.

Teymur Məmmədov