"Toylara icazə verilsə də..."- Professordan xəbərdarlıq
    • 23-06-2021, 14:33
    • 417

"Toylara icazə verilsə də..."- Professordan xəbərdarlıq

"Azərbaycanda koronavirus pandemiyasının ilk günlərindən ona qarşı mübarizə istiqamətində hərtərəfli tədbirlər görüldü. Ölkəmizdə pandemiyanın fəsadlarını minimum həddə saxlanılması da məhz həmin tədbirlərin nəticəsidir. Koronavirusla mübarizədə effektiv və zəruri addımların ardıcıllıqla həyata keçirilməsi bu gün ölkəmizdə yoluxma sayının nəzərəçarpacaq dərəcədə aşağı düşməsinə səbəb olub".

Bunu News24.az-a açıqlamasında YAP İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə rəhbəri Tofiq Cahangirov iyulun 1-dən etibarən Azərbaycanda şənlik mərasimlərinə icazə verilməsi barədə danışarkən deyib.

Onun sözlərinə görə, ölkədə sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, mərhələli şəkildə karantin rejimində yumşalmalar aparılır: "Bir müddət əvvəl metronun, ticarət mərkəzlərinin, idman zallarının və s. açılması ilə bağlı qərar verildi. Koronovirusa yoluxma sayında müsbət dinamika və sanitar-epidemioloji vəziyyətin sabitliyə doğru inkişaf etməsi səbəbindən iyulun 1-dən etibarən isə Azərbaycanda şənlik mərasimlərinin keçirilməsinə icazə veriləcək. Çoxdan arzu olunsa da, mövcud situasiya buna imkan vermirdi. Lakin sevindirici haldır ki, iyuldan etibarən vətəndaşlarımız toy, nişan, ad günü mərasimləri təşkil edə biləcəklər".

Bununla belə, Tofiq Cahangirov şənlik mərasimlərinin keçirilməsinə icazə verilməsinin əhalidə arxayınlıq yaratmamalı olduğunu bildirdi: "Çünki dünyada pandemiya böhranı davam edir. Koronavirusun tamamilə aradan qalxıb-qalxmayacağı ilə bağlı suallar hələ də açıq qalmaqdadır. Digər tərəfdən, mütəxəsislər payızda koronavirusun dördüncü dalğasının baş verəcəyini proqnozlaşdırırlar. Ona görə də arxayınlaşmaq olmaz. İlk növbədə, ölkədə mövcud karantin qaydalarına hamılıqla əməl edilməlidir. Vaksin vurdurmayan vətəndaşlar müvafiq qaydada müraciət edib, öz sağlamlıqlarını sığortalamalıdırlar. Eyni zamanda vətəndaşlarımız şənlik mərasimlərinin keçirilməsi üçün müəyyən olunan qaydalara ciddi əməl etməlidirlər. Unutmaq olmaz ki, koronavirus ümumbəşəri bəladır və onunla mübarizədə hər bir vətəndaşın dəstəyi, hər bir fərdin özünün və digərlərinin sağlamlığının qeydinə qalması vacib əhəmiyyətə malikdir".