YAP Səbail rayon təşkilatının XI hesabat konfransı keçirildi
    • 25-06-2021, 16:20
    • 571

YAP Səbail rayon təşkilatının XI hesabat konfransı keçirildi

İyunun 25-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.

News24.az xəbər verir ki, əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev hesabat məruzəsi ilə çıxış edib. Məruzədə qeyd olunub ki, X konfransdan ötən dövr ərzində rayon təşkilatının sıralarına 3532 nəfər daxil olub. Onların 2722 nəfəri gənclər, 1987 nəfəri isə qadınlardır. Hazırda təşkilatda 122 ərazi ilk partiya təşkilatı üzrə 27 min 432 nəfər üzv birləşib. Təşkilat üzvlərinin 18 min 140 nəfərini gənclər, 15 min 220 nəfərini isə qadınlar təşkil edir. Hesabat dövründə 26 yeni ərazi ilk partiya təşkilatı yaradılıb. Bildirilib ki, YAP Səbail rayon təşkilatı tərəfindən 2015-2021-ci illərdə siyasi-ideoloji işin təşkili, ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin keçirilməsi və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində müxtəlif səpkili işlər görülüb.

Rayon təşkilatının hesabat dövrü ərzində gördüyü işlər slaydlarla təqdim olunub.

Sonra YAP Səbail rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Səbuhi Gülməmmədovun hesabatı dinlənilib.

Müzakirələr zamanı YAP İdarə Heyətinin və Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü,  Auditorlar Palatasının sədri Vahid Novruzov, YAP Səbail rayon təşkilatının  İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru  Cəfər Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Hacan Hacıyev, YAP Veteranlar Şurasının və rayon təşkilatının İdarə Heyətinin üzvü Adilə Abasova, YAP Səbail rayon  təşkilatının “Aktyorlar” ərazi ilk partiya təşkilatının sədri, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov, YAP Səbail rayon təşkilatının Şura üzvü, 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova və  YAP Səbail rayon təşkilatının  “Rabitəçilər” ərazi ilk partiya təşkilatının sədri Elmir Vəlizadə çıxış edərək YAP Səbail rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Ulu Öndərimizin “Dünənin, bu günün, gələcəyin partiyası” deyə qiymətləndirdiyi Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı böyük xidmətləri bu nəhəng təşkilatın cəmiyyətdəki mövqelərini get-gedə daha da möhkəmləndiririr, insanların bu partiyanın ideoloji-siyasi xəttinə dəstəyini gücləndirir. Yeni Azərbaycan Partiyası əbədi liderimiz Heydər Əliyevin xilaskarlıq missiyasına siyasi-mənəvi dayaq olan, Onun adı ilə simvollaşan, məsuliyyət sükanını böyük məharətlə əlində saxlayan Prezidentimiz və Partiyamızın Sədri cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin dəstəyi ilə həyata keçirdiyi müstəqil, qətiyyətli və milli maraqlara əsaslanan siyasəti nəticəsində dinamik inkişaf edən ölkəmizin daha da qüdrətlənməsi, möhkəmlənməsi naminə öz prinsip və amallarına daim sadiq olan möhtəşəm partiyadır.

Əhliman Tağıyev partiyamızın həyatında baş verən yeniliklər barədə də məlumat verib və bu baxımdan YAP-ın VII Qurultayında qəbul olunmuş qərarların böyük əhəmiyyət kəsb etdiyini söyləyib. O, YAP-ın yeni Nizamnaməsinə əsasən partiyanın yerli təşkilatlarının üzərinə düşən vəzifələr barədə də öz fikirlərini bildirib.

YAP Səbail rayon təşkilatının partiyanın nümunəvi yerli strukturlarından biri olduğunu deyən Əhliman Tağıyev təşkilatın gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, konfransda YAP Səbail rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.