Hövsanda bu küçə təmir olunur - Foto
    • 25-06-2021, 17:28
    • 616

Hövsanda bu küçə təmir olunur - Foto

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhəri və onun qəsəbələrini əhatə edən tədbirlər davam etdirilir. Bu çərçivədə 2019 və 2020-ci illər ərzində Suraxanı rayonunun 50 km-ə yaxın qəsəbədaxili küçə və yollarının təmiri işləri icra olunub. Cari ildə də rayon ərazisində iki qəsəbə və üç yaşayış massivi üzrə ümumi uzunluğu 18,5 km olan qəsəbədaxili küçələrin təmiri nəzərdə tutulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən News24.az-a verilən məlumata görə, Suraxanı rayonunda 2021-ci il İnvestisiya Proqramına uyğun olaraq təmiri nəzərdə tutulan küçələrdən biri Hövsan qəsəbəsinin Bağça küçəsi idi ki, AAYDA tərəfindən burda əsaslı yenidənqurma işləri icra olunur.

Məlumata görə, uzunluğu 2 700 metr, ortalama eni isə 5 metr təşkil edən küçə qəsəbənin yol infrastrukturu baxımından işlək küçələrindən hesab olunur.

Aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunaraq yeni yol yatağı salınıb. Ardınca isə optimal qum-qırmadaş qarışığından yol əsası inşa edilib.

Bundan başqa küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Sözügedən küçədə təmir işləri 13,5 min kv. metrə yaxın sahədə aparılır.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun şəkildə AAYDA-nın rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilib.