"Mənim atam qəhrəmandır" - Şəhid övladlarından təsirli sözlər
    • 26-06-2021, 14:04
    • 2 234

"Mənim atam qəhrəmandır" - Şəhid övladlarından təsirli sözlər

“Atam demişdi ki, torpaqlarımızı alıb qayıdacaq. Torpaqlar alındı, amma atam geri qayıtmadı...”

Yaşı az, işlətdiyi kəlmələrinin anlamı isə dünya boydadır şəhid Şahin Qədirovun balası 7 yaşlı Bayramın. Elə bil vaxtından tez böyüyüb, atasının ona əmanət qoyduğu işi davam etdirməyə tələsir. Bu tədbirə nənəsi ilə gəlmişdi. Dindirən kimi Vətənə olan sevgisindən, atası üçün çox darıxmağından danışdı. 

Arabir də susub nənəsi, şəhidimizi böyüdüb boya-başa çatdıran Zərifə xanımın danışdıqlarını dinləyirdi.
Şəhid anasının isə sözünün əvvəli də, sonu da “Bayrağımızı uca tutsunlar. O zaman balalarımızın da ruhu şad olar. Nur üzlü şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə isə şəfa versin” idi. 

Ana gözündəki həsrəti nə qədər gizlətməyə çalışsa da, mümkün olmurdu. O gözlər şəhid oğul üçün elə hey yol çəkirdi...
 
Şəhid Surxay Noçuyevin bizə 2 övladı əmanət qalıb. Surxay Noçuyev 27 sentyabr tarixində dünyaya gələn balasınının üzünü görmədən Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhidin həyat yoldaşı Lalə Noçuyeva deyir ki, 5 yaşlı oğlu hələ də, atasının harda olduğunu soruşur: “Atasının vəfatından xəbəsizdir. Soruşanda deyirik, cənnətə gedib. Tez-tez atasının yanına getmək istədiyini deyir. Onda deyirəm ki, vaxtı gələndə hamımız ora gedəcəyik”.

"Atam üçün çox darıxıram. Amma hiss edirəm ki, o, həmişə mənim yanımdadır". Bunu da şəhid Vüsal Həsənovun oğlu Bayramdan eşitdik. 

Bayramın babası da şəhid olub: "Atam mənə babamdan danışırdı. O da Birinci Qarabağ Müharibəsində şəhid olub. Atam ikinci müharibəni səbirsizliklə gözləyirdi. Həm torpaqlarımızı işğaldan azad etmək, həm də atasının qisasını almaq istəyirdi.

Sözünün üstündə durdu, getdi, qəhrəman kimi də döyüşdü. Bircə sözünü tutmadı. Mənə geri qayıdacağını demişdi. Amma qayıtmadı… Onunla çaya getdiyimiz günləri, mənə futbol oynamağı öyrətməyi tez-tez yadıma düşür. O, hər şeyi bacarırdı. Həm futbol oynamağı, həm üzməyi, həm hər yerdə birinci olmağı, həm də vuruşmağı. O, əsl qəhrəman idi. Mənim qəhrəmanım. İndi isə tək mənim yox, bütün Azəbaycanın qəhrəmanıdır. Atamla fəxr edirəm”.

Yalnız Bayramdan yox, 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günün münasibətilə "Fire Land Production-ın təşkilatçılığı, eləcə də Azərbaycan Milli Güləş Federasiyasının, Azərbaycan Milli İdman Növləri Assosiyasının və Müdafiə Nazirliyinin dəstəyi ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün "Mənim atam qəhrəmandır" adlı tədbirə qatılan bütün şəhid balalarının dilindən bu ifadələri eşitdik.

Hər birinin ağıllı gözlərinə "kövrəlməyimə baxmayın, atamdan fərəhlə danışıram. Şəhid balası olmağımla fəxr edirəm” ifadəsi həkk olunmuşdu.
 
Biz də fəxr edirik, balalar! 44 günlük Böyük Vətən Müharibəsində ölümün gözünə dik baxan o məğrur oğulların hər biri gerçəkdən qəhrəmandır. 

Nə onların əziz xatirəsi, nə də bu torpaq, bu Vətən üçün gösərdikləri şücaət heç zaman unudulmayacaq!

Teymur Məmmədov