Ağcaqanad dişləməsindən yaxa qurtarmağın 10 yolu
    • 15-07-2018, 11:15
    • 1 990

Ağcaqanad dişləməsindən yaxa qurtarmağın 10 yolu

Ağcaqanadlar... Yayla birgə gəlirlər və onların bizi dişləmələri də istilər kimi dözülməzdir.

Dişlədikləri yer dayanmadan qaşınır, dərimizdə ləkələrin əmələ gəlməsinə səbəb olur.

Hesablamalara görə, hər il 1 milyon adam ağcaqanad dişləməsinə görə həyatını itirir. Beləcə, ağcaqanadlar dünyada ən çox insan “öldürən” həşəratlar kimi tanınır. Bu yay ağcaqanadlardan yaxa qurtarmaq üçün 10 məsləhətim var.

1. Tünd rəngli paltarlar geyinməyin. Ağcaqanadlar tünd rənglərdə özlərini təhlükəsiz hiss etdiyindən paltarınız onları tez cəlb edəcək. Ağcaqanadların sizi dişləməsini istəmirsinizsə, ağ, sarı rəngli paltarlara üstünlük verin. Bu həşəratların ən sevdikləri rənglər qırmızı və qaradır.

2. Sarımsaq və soğan ağcaqanadların düşmənidir. Bu təbii antibiotiklər ağcaqanad dişləməsinə də faydalıdır. Həşəratın dişlədiyi yerlərə soğan və ya sarımsaq çəkin, yaralarınız tez sağalacaq. Müəyyən edilib ki, gün ərzində sarımsaq və ya soğan yeyən insanları ağcaqanadlar çox dişləmir.

3. Cib telefonunuz sizi ağcaqanadlardan qoruya bilər. Texnologiya inkişaf etdikcə, telefonumuz da ağcaqanad əleyhinə vasitə rolunu oynamağa qadirdir. Mütəxəssislər bəzi proqramlar yaradıb. O proqramlar istifadəyə verildikdə, asanıqla telefona yükləmək olacaq. Beləcə, xüsusi səs tezliyi ilə telefonunuz ağcaqanadları sizə yaxınlaşmağa qoymayacaq.

4. Bağçanız varsa, işə ordan başlayın. Yoxdursa, eyvanınızda yaşıllıq yaradın. Ağcaqanadlar sizdən uzaq duracaq. İdrisotu, ballınanə və pişiknanəsi ağcaqanad əleyhinə dərmanların xammalıdır. Həşəratlar bu bitkilər olan yerə yaxın gəlmir.

5. Pəncərəni açıq qoyub yatırsınızsa, diqqətli olun. Açıq pəncərə ağcaqanad üçün “dəvətnamə”dir. Bu qonaqlardan qorunmaq üçün pəncərənin önünə 1 stəkan sirkə qoyun. Sirkənin qoxusu ağcaqanadları yaxınlaşmağa qoymayacaq.

6. Yatarkən sizi ağcaqanadlardan qoruya biləcək bir bitki var. Bu, reyhandır. Baş ucunuza reyhan qoyub yatsanız, ağcaqanadlar sizi dişləməyəcək.

7. Polimer torbaya azacıq su tökün və onu lampanızın üstündən asın. Bu qeyri-adi üsulun vətəni Türkiyənin Qara dəniz bölgəsidir. Lampadan asılan bir torba su da ağcaqanadları həmin otaqdan uzaqlaşdırır. Bu üsulun elmi bir açıqlaması yoxdur.

8. C vitamini bol olan qidalar qəbul edin. Ağcaqanadlar C vitaminini də sevmir. Çünki, C vitamini insanın çox tərləməsinin qarşısını alır. Ağcaqanadlar insanı tərin qoxusuyla axtarıb tapır.

9. Təbii vasitə olmasa da, ağcaqanad əleyhinə dərmanlardan istifadə edin. Hər gün reklam olunan bu dərmanların tərkibində kimyəvi maddələr olduğunu da unutmayın. Mütəxəssislər dəriyə püskürdülən spreylərdən daha çox, elektrikə qoşulan vasitələrə üstünlük verməyi məsləhət görür.

10. Ağcaqanadların sevdiyi məkanlar durğun su hövzələridir. Yaşadığınız yerin yaxınlığında gölməçələr varsa, əvvəlcə onları qurudun. Ya da, pəncərəyə tor taxdırın.

//Saglamolun.az