Sabiq rektor Bayram Tahirbəyov vəfat etdi
    • 9-07-2021, 10:48
    • 847

Sabiq rektor Bayram Tahirbəyov vəfat etdi

Professor Bayram Tahirbəyov vəfat edib.

News24.az xəbər verir ki, bu barədə filologiya üzrə fəlsəfə doktoru Nüşabə Sadıxlı məlumat verib.

Bayram Harun oğlu Tahirbəyov 1954-cü ildə Moskva Dövlət Universitetini «Rus dili və rus ədəbiyyatı» ixtisasını bitirib. 1964-cü ildə namizədlik, 1973-cü ildə isə doktorluq dissertasiyaları müdafiə edib.

1960-cı ildən 1990-cı ilə kimi Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Rus dili, Rus dilçiliyi, Ümumi dilçilik kafedralarında assistent, dosent, professor vəzifələrində işləyib, Ümumi filologiya və Dünya ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb.

Daha sonra Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda rus dili və xarici dil müəllimlərinin ixtisasartırma fakültəsində ümümi və rus dilçiliyi, ümumi və slavyan filologiyası fənlərini tədris edib.

1988-ci ildən 1989-cu ilə qədər M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı Institutunun (hazırkı Bakı Slavyan Universitetinin) rektoru vəzifəsində işləyib.

Elmi-pedaqoji kadrların hazırlanmasında və onların attestasiyasında fəal surətdə iştirak edib, Bakıda və MDB respublikalarında namizədlik və doktorluq dissertasiyasının müdafiəsi üzrə bir neçə ixtisaslaşdırılmış şurann üzvü olub, Azərbaycanda ilk dəfə «Dilçilik nəzəriyyəsi», «Rus dilçiliyi və rus ədəbiyyatı» ixtisasları üzrə doktorluq şurası təşkil edib.

Dissertant, aspirant və doktorantların dil və ədəbi əlaqələr, tərcümənin tarixi nəzəriyyəsi və təcrübəsi məsələləri ilə bağlı işlərin elmi rəhbəri və məsləhətçisi, SSRİ AAK eksperti və SSR Nazirlər Kabineti yanında Elm və texnika sahəsində Lenin və Dövlət mükafatları komitəsi Filologiya bölməsinin üzvü olub. Rus dili və rus ədəbiyyatı, ümumi filologiya tədqiqi, elmin metodologiyası üzrə 100-dən çox elmi işlərin müəllifidir.
Mərhum bir müddət Azərbaycandan kənarda yaşayıb.

Allah rəhmət eləsin.