"Səhhətimin pisləşməsi barədə yayılan məlumatlar doğru deyil" - FƏXRƏDDİN MANAFOV
    • 15-07-2021, 16:53
    • 1 038

"Səhhətimin pisləşməsi barədə yayılan məlumatlar doğru deyil" - FƏXRƏDDİN MANAFOV

 "Səhhətimin pisləşməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Ümumiyyətlə, reytinq naminə bu cür məlumatların verilməsi faciəli durumdur".

Bu sözləri News24.az-a açıqlamasında  Azərbaycanın xalq artisti Fəxrəddin Manafov deyib. 
 
Hazırda ona olunan bir çox zəngləri cavabsız qoymaq məcburiyyətində olan xalq artisti, "gördüm sənin nömrəndir götürdüm, biləsən ki, heç nəyim yoxdur. Başqa heç kimə cavab verməyəcəyəm" deyərək bu durumdan çox əsəbiləşdiyini dilə gətirib: "Adi bir məsələnin bu qədər şişirdilərək təqdim olunması və insanları boşuna narahat qoymaq heç bir çərçivəyə sığmır. Bu məqamda Mark Tvenin bu cümləsini xatırlatmaq istərdim: "Mənim ölümüm haqqında şayiələr çox şişirdilir". Çox kiçik bir məsələni bu cür təqdim etmək olmaz. Bu cür hallar məni məyus edir, həm də məlumatların bu cür şişirdilməsi qeyri-peşəkarlıqdır".  
 
Qeyd edək ki, bu gün yerli mətbuatda xalq artisti Fəxrəddin Manafovun səhhətinin pisləşməsi və xəstəxanaya müraciət etməsi barədə həqiqəti əks etdirməyən məlumatlar yer alıb.