Bərdədə saxta alkoqollu içkilərin satışı müəssisəsi aşkarlandı
    • 22-07-2021, 18:22
    • 534

Bərdədə saxta alkoqollu içkilərin satışı müəssisəsi aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bərdə rayonu, S. Zöhrabbəyov küçəsi 152 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Arzu İsax oğluna məxsus “Elit şərab evi” müəssisəsində baxış keçirilib.

AQTA-dan News24.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə qanunsuz fəaliyyətin həyata keçirildiyi aşkar olunub.

Müəssisədə qanunazidd olaraq saxta üsulla müxtəlif brend markalı (“Banketnaya” nişanlı Yubiley, “Banketnaya” nişanlı Premium və “ Zolotoe Kolço” nişanlı) alkoqollu içkilərin hazırlandığı və satışının həyata keçirildiyi müəyyən olunub.

Reyd zamanı saxta üsullarla hazırlanan 0.7 litrlik, 1 litrlik, 0.5 litrlik şüşə butulkalarda qablaşdırılmış, ümumi çəkisi 40.7 litr olan alkoqollu içkilər Agentlik əməkdaşları tərəfindən müsadirə edilərək götürülüb və satış şəbəkələrinə daxil olmasının qarşısı alınıb. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.