-
- 15-07-2018, 16:28
- 1 770
Xoşqədəm Mehriban Əliyevaya müraciət etdi
“Hörmətli Mehriban xanım, 20 ildir Azərbaycan mediasında dövlətimizin, xalqımızın maraqlarını əsas götürərək çalışıram. Hər zaman dövlətimə, xalqıma xidmət etdim. 5 ildir “Səni axtarıram” adlı bir layihə yaratmışam. Dişimlə, dırnağımla inkişaf etdirmişəm. 3 il öncə ATV-yə rəhbər təyin edilən Vüqar Qaradağlı ilə birlikdə biz bu layihəni lisenziyalaşdırdıq. Yəni “Səni axtarıram” layihəsi mənim və ATV-nin adına lisenziyalaşdırıldı. Mən bunu istədim. ATV mənə efir vaxtı verdiyi üçün mən də bunu Vüqar Qaradağlıya bir jest olaraq təklif etdim və məsələ həllini tapdı. Vüqar Qaradağlı o zaman mənə söz vermişdi ki, nə vaxt sən ATV-dən ayrılsan adına, konsepsiyasına qədər özünün yaratdığın “Səni axtarıram” layihəsini özünlə götürüb apara bilərsən. Təxminən 10 gün öncə isə məni yanına çağırıb, bu layihəni yuxarıdan gələn sifarişlə bağlamalı olduğunu bildirdi və bir həftə sonra efirdən yığışdıracağını dedi. Mən bu addımın çox acı nəticələri barədə onu məlumatlandırdım. Bu layihəyə yüz mindən çox müraciət edildiyini, öz əzizlərini axtaran insanların ümidsüzliyə düşəcəyini söylədim. Dedim ki, bu qədər insanı düşünək və bəlkə onlar üçün layihədə hansısa dəyişiklik lazımsa edək. O isə ATV-də belə bir adda və mövzuda proqramın olmayacağı ilə bağlı tapşırıq aldığını bildirdi. Vüqar Qaradağlı razılaşmadı.
Hörmətli Mehriban xanım, bu layihənin inkişafı, yaşaması, insanlara köməyimizin dəyməsi üçün bu beş ildə həyatımı təhlükələrə atdığım dövrlərdə olub. Suriyada, Əfqanıstanda, İraqda ölümlə üz-üzə qaldım. Bütün bu zəhmətin heç olmaması üçün bu proyektin başqa kanalda fəaliyyət göstərməsinə qərar verdim. Vüqar Qaradağlıdan xahiş etdim ki, 2011-ci ildə yaratdığım "Səni axtarıram"ın tamhüquqlu sahibi olmam üçün haqqım olan ATV-nin imtina arayışını versin. Vüqar Qaradağlı söz verdi ki, iki gün sonra arayışı verəcək. Lakin sözünün üstündə durmadı və mənə qarşı qara piar kampaniyası başladı. Və yeni bir qara piarın da başlanacağı ilə bağlı məlumat aldım. ATV mənim üçün doğma kanaldır. Mən öz istəyimlə oradan getməmişəm. Məhz V.Qaradağlının istəyi ilə oradan getmişəm. Hörmətli Mehriban xanm, mən bir qadınam, anayam, ailəm var. Nüfuzuma, şərəf və ləyaqətimə toxunan nələrinsə yazılmasının yaxınlarıma nə qədər ağır mənəvi zərbələr vuracağını bilirəm. Məhz bunun üçün də V.Qaradağlının kimlərəsə güvənib, gücsüz, zəif və arxasiz olan bir qadına qarşı hücumlarından Sizə sığınıram. Məni onun qəzəbindən qoruyun. O cümlədən, mənim yaratdığım, uğrunda ölümü belə, seçdiyim "Səni axtarıram" proqramının mənə məxsus materiallarının bizə verilməsinə kömək etməyinizi Sizdən xahiş edirəm. V.Qaradağlı və onun ATV-də işləyən qohum-əqrabası həmin materialları bizim əlimizdən alıb. Mənim kimi onminlərlə qadının ümid yeri Sizsiniz. Xahiş edirəm ki, "Səni axtarıram"a ümid yeri kimi baxan, öz yaxınlarına qovuşacaqları anı gözləyən onminlərlə insanın bu verilişə olan ehtiyaclarını da nəzərə alartaq, V.Qaradağlıya təsir edəsiniz. Mən göydə Allaha, yerdə Sizə güvənirəm. Mən inanıram ki, Sizin müdaxilənizdən sonra V.Qaradağlının gücsüz və zəif bir qadınla mübarizəsinə son qoyulacaq.
Hörmətli Mehriban xanım, yüz minlərlə insanın ümid yeri olduğunuz hamımıza məlumdur. Sizdən bu məsələdə mənə öz köməyinizi əsirgəməməyinizi, Vüqar Qaradağlının “Səni axtarıram” layihəsinə aid olan material və sənədlərin, həmçinin vəd etdiyi arayışın mənə verilməsinə təsir göstərməyinizi xahiş edirəm. On minlərlə insan “Səni axtarıram”ın nə vaxt efirə çıxacağını gözləyir. Köməyiniz on minlərlə insanın gözləntisidir”.
//musavat.com