"Kurtlar vadisi"nin Güllüsü Azərbaycanda qatil oldu - FOTOLAR
    • 6-08-2021, 18:22
    • 1 201

"Kurtlar vadisi"nin Güllüsü Azərbaycanda qatil oldu - FOTOLAR

Bir neçə ay əvvəl, yəni 17 Aprel 2021-ci il tarixdə Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi ilə (MTST) Türkiyənin Eslem Film Yapım Şirkəti arasında qardaş Türkiyənin sənət adamlarının təcrübəsindən bəhrələnmək və yeni istedadlı gənclərin yetişdirilərək üzə çıxarılması məqsədilə "Sənət Akademiyası"- adlı təhsil mərkəzi təsis edilib.

News24.az xəbər verir ki, akademiyanın fəaliyyət istiqaməti mədəniyyətin bütün sahələrini əhatə etməyi hədəfləsə də, ilk addım aktyorluq dərslərindən başladı. Artıq bir neçə aydır ki, qardaş Türkiyədən dəvət edilən məşhur sənət adamları azərbaycanlı gənclərlə öz səhnə təcrübələrini bölüşürlər. Akademiyada aktyorluq dərsləri keçən tələbələr bu şansdan maksimum faydalanmağa çalışırlar. Əslində akademiyanın fəaliyyəti təkcə tədrislə kifayətlənmir, eyni zamanda film və serial istehsalı ilə bağlı da planlamalar hazırlayır. Yəni, bir yandan akademiyada tanınmış türk ulduzlar həm aktyorluq dərsləri keçirlər, digər yandan da film istehsalı ilə bağlı ciddi çalışmalar aparılır. Məhz buna görə də, qısa zaman içərisində Türkiyənin Eslem Film Yapım şirkətinin rəhbəri Erhan Ufak, şirkətin Baş Koordinatoru Yalçın Çoban, rejissor İbrahim Bülbül və əsas texniki heyət gecikmədən Bakıda çəkilişlərə başladıb film ərsəyə gətirib. 

Bu gün isə "NİSAN" filminin qapalı təqdimatı gerçəkləşib. Tədbirdə mətbuat nümayəndələri, filmin yaradıcı heyəti iştirak edib. Təqdimatda filmdən qısa bir anons yayımlanıb.

Filmin rejissoru İbrahim Bülbül çəkdiyi film barədə məlumat verib: "Bir sevgi filmi ərsəyə gətirmişik. Burda yalnız insanın insana yox, həm də heyvana, canlılara olan sevgisindən bəhs olunur. Bu ekran işində "aksion" yəni, macəra, qarşıdurma da var. Düzdür, filmdə bir neçə Türkiyəli aktyorlar çəkilib. Amma bu, Azərbaycan filmidir. Azərbaycanlı aktyorlarla çalışmaqdan çox məmnunam. Filmin çəkilişləri boyunca çətinlik çəkdiyimiz anlarımız oldu, amma düşünürəm ki, uğurlu yaradıcı iş ortaya qoya bildik. Burda həmçinin cəmiyyətə müəyyən sosial mesajlar ötürülür. Xüsusən, heyvanları sevmək, mərhəmət göstərmək təbliğ olunur. Çəkilişlər yalnız Bakıda aparılıb. "Nisan" adının yeri qəlbimdə tam ayrıdır. "Nisan" filmdəki itin adıdır. Xüsusən Erhan Ufakla işləmək mənim üçün çox böyük zövqdür. Onu çox sevirəm, mükəmməl aktyordur. Onunla bundan öncə də, bir neçə filmdə birgə işləmişik. Bu, bizim axrıncı yox, axarıncı layihəmiz olsun".

Ekran işinin baş rol ifaçılarından olan Erhan Ufak canlandırdığı obraz barədə danışıb: "Bu dəfə "Kurtlar vadisi"ndəki Güllüdən fərqli bir obraz canlandırmışam. Canlandırdığım xarakter çox sirlidir. Burda Türkiyədən Azərbaycana köçən, amma geçmişini gizlədən bir nəfərin obrazını yaratmışam. Qəhrəmanım tanımadığı bir mühitə düşüb və burda öz həyatını qurmağa çalışıb. İlk anlarda mehrini yalnız itinə, amma sonradan isə sevgisini tapdığı qadına salıb. Amma bu xarakter həm də çox aqressivdir. Hətta filmin bir yerində qatilə də çevrilir..." 

Erhan Ufak söhbət əsnasında azərbaycanlı aktyorlarla çalışmaqdan məmnun olduğunu da dilə gətirib: "Mənim üçün çox fərqli bir təcrübə idi. Onların arasında olmaq çox xoş idi. Azərbaycanda heç bir yadlıq hiss eləmədim. Düşünürəm ki, bura da mənim vətənimdir".

Filmin daha bir aktyoru Rəşad Kəsəmənli də oynadığı ekran işindən razı qaldığını ifadə elədi: "Mən burda azərbaycanlı polis rəisini canlandırıram. Fərqli obraz idi. Türkiyədə rəis anlayışı bir az başqadır. Filmdə onların anlayışndakı rəisi oynadım. Məsələn, bizdə polis rəisinin saqqalı olmur, amma onlarda buna icazə var. Ümumiyyətlə, Türkiyə sənət adamları ilə çalışmaq çox asan idi. Düşünürəm ki, peşəkar aktyor obrazında bir az improvize eləməyi də bacarmalıdır. Mən də buna çalışdım. Erhan bəylə əməkdaşlığımıza gəlincə, çox gözəl insandır. Həm onunla, həm də İbrahim Bülbüllə işbirliyimizdən olduqca məmnunam. Ümumən kollektiv çox yaxşı idi. Düzdür, iş prosesində yorulduq, əziyyət çəkdik, amma dəydi, zənnimcə, bu, gözəl yorğunluqdur".

Qeyd edək ki, "NİSAN" filminin qala gecəsinin həm Türkiyədə, həm də Azərbaycanda gerçəkləşməsi nəzərdə tutulub.

FOTO: Nurlan Şahbazov