-
- 12-08-2021, 16:22
- 461
Bakıda “tiryəkxana” aşkarlandı
Nəsimi rayonunda gənclər arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər tutulub.
Əməliyyat zamanı əvvəlcə paytaxt sakinləri Rövşən Seyidov, Zaur Səlimov və Mehdi Hüseynov saxlanılıblar.
Onların üzərindən satış üçün qablaşdırılan hazır bükümlər şəklində olan psixotrop maddə metamfetamin və heroin aşkar edilib. Araşdırma zamanı bu şəxslərin narkotik vasitələrin qəbulu ilə yanaşı qanunsuz dövriyyəsi ilə məşğul olduqları da aşkar edilib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı isə rayon ərazisində narkotik vasitələrin qəbul edildiyi “tiryəkxana” aşkar edilib.
Əməliyyat zamanı ev sahibi Elşən Cabbarovun mənzilində özü ilə bərabər digər şəxslərin də narkotik vasitələrin qəbuluna şərait yaratdığı müəyyən edilib.
Polislər tərəfindən Elşən Cabbarovla bərabər onun evində narkotikləri qəbul edən Elçin Cavanşirov və Fariz Qasımov da saxlanılıb.
Mənzilə baxış zamanı külli mqidarda heroin, metamfetamin, narkotik vasitələrin istifadəsi üçün lazım olan digər ləvazimatlar aşkar olunaraq götürülüb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar.
Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.