Məhərrəmlikdə toy olarmı? - Şadlıq sarayları
    • 13-08-2021, 11:55
    • 1 811

Məhərrəmlikdə toy olarmı? - Şadlıq sarayları "hə", ilahiyyatçılar "yox" deyir

Avqust ayının 10-dan etibarən Azərbaycanda Məhərrəm ayı başlayıb. Uşaqlıqdan bu ayla bağlı böyüklərdən eşitdiklərin şüuraltıma yerləşib. Məsələn deyirlər ki, Məhərrəm ayında toy eləmək, şənlik keçirmək, gözəllik salonuna getmək, musiqiyə qulaq asmaq günahdır. 

Bu “olmaz”lar mənim uşaqlıq illərimdən öncə də mövcud olub, hazırda da var. 

Lakin koronavirus pandemiyası bu il vəziyyəti bir qədər dəyişib. Məhərrəmliyin başlamasına baxmayaraq, toylar davam edir. Hətta paytaxtın bir çox məşhur restoranları qarşıdakı 2 ay üçün sifarişlər də alıb. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin ötən gün toylarla bağlı apardığı monitorinqlər də bunu təsdiqləyir.  

Məhərrəmliyin ilk günü 173 şadlıq sarayında, 13 şəxsi həyətyanı sahədə toy keçirilib. 

Məsələnin aktuallağını nəzərə alaraq News24.az olaraq suala cavab axtardıq. 

Bəs, ilahiyyatçılar bu haqda nə deyir? Gerçəkdənmi İslam dinində Məhərrəm ayında toy, şadlıq mərasimləri keçirmək, əylənmək günah sayılır?

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, ilahiyyat elmləri doktoru Hacı Surxay Məmmədli bildirib ki, Məhərrəmlik “haram ay” deməkdir: “Yəni döyüşlər və vuruşların haram edildiyi  aydır. Burada əsas bir neçə məsələni vurğulamaq istəyirəm. Klassik ədəbiyyata baxsaq, Məhəmməd Füzulinin belə bir beyti var, “Mahi-Muhərrəm oldu, məsərrət haramdır”. Beytin mənası “Məhərrəm ayı olanda, sevinmək haramdır” deməkdir. Məhərrəm ayı hüzn, qəm, kədər anlamınl ifadə edir. Bunun da əsas səbəbi Məhəmməd Peyğəmbərin (s.a.s) nəvəsi 14 əsr bundan öncə İmam Hüseynin (ə) Kərbəla çölündə haqq və ədalət yolunda şəhid olmasıdır. Amma bir məqamı da vurğulamaq istəyirəm ki, bu ay yalnız yas və qəm ayı kimi təqdim olunmamalıdır. Eyni zamanda şücayət, hünər, səbir, mətinlik mərdliyi ifadə edən bir aydır. 

Onu da deyim ki, Azərbaycanın oturuşmuş adət-ənənələri var. Əsrlər boyu Məhərrəlik ayında xanımlar boyadan, xınadan istifadə etmirdilər. Kişilər də qara geyinirdilər, toy, şadyanalıq eləmirdilər. 

Bir məqamı da deyim, bir insan, bir xalq şəhid verərsə, bir ana gözüyaşlı qalarsa, o zaman hansı toydan, sevincdən danışmaq olar?

Azərbaycan 44 günlük müharibədə düşmənin belini qırdı. İgid oğullar özlərini bu torpaq üçün qurban verdilər. Şəhidlik qürurdur, hünərdir. Amma bununla yanaşı, anaların gözü yaşlıdır. Məhərrəmlik bizə şəhidliyi simvolizə edir. Şəhidlərin başında isə İmam Hüseyn dayanır. İnsan haqq-ədalət, Vətən, Allah yolunda şəhid olursa, bundan ali zirvə ola bilməz. Bu səbəblərdən də toyların Məhərrəmlik ayında keçirilməsini məqbul saymıram. Həm Allah dərgahında, həm dini, milli dəyərlər baxımından bu, doğru deyil. Şəhid vermiş xalq Məhərrəmlikdə toydan danışa bilməz. 

Bilirəm, deyəcəksiniz, xeyir və şər qardaşdır. Doğrudur. Hər insanın toy etməyə haqqı çatır. El adəti, çal-çağırla toy eləmək özü fundamental dəyərdir. Və bu ənənə də qorunmalıdır. Amma eyni zamanda unutmaq olmaz ki, Məhərrəlik Şəhidlik ayıdır. İmam Hüseyn və peyğəmbərimizin nəvəsinin ölüm, şəhadətə ucaldığı gündür. Bu gün insanlar şəhadət gününə sayğı göstərməlidirlər. 

Bu səbəbdən də, Səfər ayı da daxil olmaqla Məhərrəmlikdə toy etmək doğru deyil. Bu gün Azərbaycan cameəsinda bizim analarımız, dədə-babalarımız da bu ayın qaydalarına əməl ediblər. İmam Əlinin belə bir sözü var “İnsan necə düşünürsə, o cür yaşayır. Necə yaşayırsa, o cür də öləcək. Burada pozitiv və neqativlik var. Çünki düşünürsən ki, Məhərrəmlikdə, səfər ayında oğluma toy eləsəm, bəla gələcək. Həqiqətən də insan sıxıntıya düşür, problemlərlə üzləşir. Çünki ən azı müqəddəs dəyərlər itir. Bir insan xalqının müqəddəs dəyərini itirirsə, ailə dəyərindən, xoşbəxtlikdən söhbət gedə bilməz”.

Psixoloq Elnur Rüstəmov isə bildirib ki, insanlarda xalqın ədət-ənənələrinə hörmət var: “Onların qorunub saxlanılması üçün bir çox davranışları yerinə yetirmək istəyi var. Bu gün onsuz da dünyada, eləcə də Azərbaycanda ənənə ilə müasirliyin savaşı gedir. Bir qism insanlar adət-ənənələrin qorunub saxlanmasının tərəfdarıdırlar. Digər qism isə yeniliyi dəstəkləyirlər. Üçüncü qrup insanlar isə istəyirlər ki, müasirlik ənənə üzərində formalaşsın. Məhərrəmlik ayında toyun edilməməsinə gəlincə, təbii ki, bu, hüquqi normalarla tənzimlənmir. Kim istəyir, toy edir. Ancaq bu dövrdə toy etmək istəməyənə də, hörmətlə yanaşmaq lazımdır. Kiməsə geriqalmış, dini savadsız demək doğru deyil. Buna görə də, insanların dini, mənəvi dəyərlərinə, inanclarına həssas yanaşmaq lazımdır. Hər şeyi şübhə altına almaq olar, ancaq elə dəyərlər, normalar var ki, ona ən azından hörmətlə yanaşmaq lazımdır. Bunlardan biri də Məhərrəmlik ayında toyun edilməməsidir. Bir daha qeyd edirəm bu ayda kim istəyir toy edə bilər, amma “biz hansı dövrdə qalmışıq?” “Məhərrəmliyin toya nə dəxli var?” kimi kütləvi çağırış edib insanların duyğuları ilə oynamaq olmaz. Bizim elə dəyərlər sistemimiz var ki, ora dəymək olmaz. İnsan hər şeyi şübhə altına alsa, sonda psixologiyası pozulacaq”.