"Mən həmcinslərin bir-biri ilə evlənməsinə pis baxmıram, amma..." - Səxavət Nur HİDDƏTLƏNDİ
    • 16-08-2021, 15:47
    • 925

"Mən həmcinslərin bir-biri ilə evlənməsinə pis baxmıram, amma..." - Səxavət Nur HİDDƏTLƏNDİ

"42 yaşım var. Həyatımda bir dəfə sevdiyim insanla evli olmuşam. Həyat yoldaşım sinif yoldaşım idi. Onunla evliliyimizdən bir övladımız var. Amerikaya gedənə qədər birgə yaşamışıq. Amma müəyyən problemlərə görə ayrılmaq qərarına gəldik. Hazırda dostuq, münasibətimiz çox yaxşıdır, çünki ortada övladımız var. Mənim üçün də ən önəmli şey uşağımdır. Son hadisələr də övladıma çox pis təsir göstərib. Təbii ki, ailəm, ətrafım mənim kim olduğumu çox gözəl bilir. Bu xəbər yayılanda hər kəs güldü. Mənim də başım aşağı deyil. Çünki utanılacaq bir iş görməmişəm. Evlənməyi də düşünmürəm. Çünki mənə görə evlilik hər iki tərəfin sevgisi üzərində qurulmalıdır. Hazırda da evli deyiləm, subayam".

News24.az xəbər verir ki, bu sözləri aparıcı Səxavət Nur "İnstagram"ın canlı yayımında deyib. O, yayılan xəbərlərə belə münasibət bildirib: "2014-cü ildən Amerika Birləşmiş Ştatlarında yaşayıram və orda da ailəm qədər əziz bir neçə dostum var. Onlarla yaxşı və pis günlərimiz çox olub. Mənə görə ailə yalnız evlilik, qan bağı və intim münasibətlərdən ibarət deyil. Şəkilini paylaşdığım həmin insan mənəvi tərəfdən mənə çox dəstək olub. Məzuniyyətə Bakıya hazırlaşırdım və həmin an dostlarım yanıma gəlib. Onlardan biri ilə "selfie" çəkdirdim. Altında da status yazdım ki, "ailə, təkçə qan bağı deyil. Həyatımızda elə insanlar var ki, onlar bizə dəyər verir, bizi olduğumuz kimi qəbul edib sevir". 

Hörmətli səhifələr, bu cümlələrin arasında harda intim münasibətləri, gey evliliyi barədə fikir gördünüz ki, elə xəbər yazdınız? Mən həmcinslərin bir-biri ilə evlənməsinə pis baxmıram, normal haldır. Çünki müəyyən şeylər var ki, insan onu seçə bilmir. İnsan doğulanda nə olacağını seçə bilmir".

Aparıcı onu da vurğulayıb ki, sözügedən mətbuat orqanı xəbəri silib təqzib verərək üzr istəməlidir: "İstəmirəm məhkəmələrə düşüm, amma məni o həddə çatdırmayın ki, bu addımı atım. Həmin yazılar bütün səhifələrdən silinsin, üzr istənilib təkzib paylaşılsın. Xahiş edirəm bunu edin. Hələ ki, mədəni şəkildə bunu deyirəm. Əks halda qanun qarşısında cavab verəcəksiniz. Heç kimə icazə vermərəm ki, şərəf və ləyaqətim taptalansın".