-
- 16-08-2021, 17:06
- 356
AZAL reyslərində IATA Travel Pass tətbiqinin sınaqdan keçirilməsi müddəti uzadıldı
Pandemiya dövründə səyahəti asanlaşdırmağa imkan verən IATA Travel Pass mobil tətbiqinin sınaq müddəti 20 sentyabr 2021-ci ilə qədər uzadılır.
AZAL-dan News24.az-a verilən məlumata görə, smartfonlarda quraşdırılmış və sərnişinin sağlamlığı haqqında uçuş üçün lazım olan bütün məlumatları ehtiva edən rəqəmsal IATA Travel Pass, uçuşqabağı rəsmiyyətləri asanlaşdırır. Hazırda IATA Travel Pass tətbiqini AZAL və "Buta Airways"-in aşağıdakı reyslərin sərnişinləri yükləyə bilərlər:
• AZAL – Bakı – İstanbul - Bakı (GYD-IST-GYD)
• AZAL - Bakı – Moskva - Bakı (GYD-DME-GYD)
• Buta Airways - Bakı - İstanbul - Bakı (GYD-SAW-GYD)
• Buta Airways – Bakı – Jukovski - Bakı (GYD-ZIA-GYD)
Tətbiqin xidmətləri Azərbaycandan bu reyslərlə yola düşən bütün sərnişinlər və ölkəyə gələn Azərbaycan vətəndaşları üçün mümkündür.
IATA Travel Pass tətbiqi vasitəsilə rəqəmsal pasportu təqdim edən sərnişinlərə qeydiyyat masasında prioritet qaydada xidmət göstəriləcək. Onlar, eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportuna gəliş zamanı sərhəd nəzarətindən prioritet qaydada keçid xidmətlərindən (Fast Track) istifadə edə biləcəklər.