Sumqayıtda 18 fəal saxlanıldı. Gəncədəki hadisəni təkrarlamaq istəyiblər
    • 16-07-2018, 10:13
    • 937

Sumqayıtda 18 fəal saxlanıldı. Gəncədəki hadisəni təkrarlamaq istəyiblər

Bu gün Sumqayıt şəhərində hüquq-mühafizə orqanlarının qətiyyəti və peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 əsas fəalı saxlanılıb.

Hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, əsasən xaricdən idarə olunan fəallar Gəncədə baş vermiş hadisələri Sumqayıt şəhərində təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağı planlayırmışlar.

Onların fəaliyyəti barədə hüquq-mühafizə orqanlarına daxil olan məlumatlar əsaslı şəkildə təhlil edilib, müvafiq tədbirlər vasitəsilə radikalların əlaqələri təsbit olunmuş və planları tam aşkara çıxarılıb, məhz bundan sonra saxlama tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilib.

Hüquq-mühafizə orqanlarından hazırda əməliyyatın davam etdiyi bildirilib.

Xatırladaq ki, hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bu hadisələrlə əlaqəsi olan hər bir kəsin məsuliyyətə cəlb olunacağı və ədalət məhkəməsi qarşısında cavab verəcəyi barədə xəbərdarlıq etmişdi.