-
- 20-08-2021, 11:36
- 462
COVID pasportu olmayan 47 minə yaxın şəxsin toya gəldiyi aşkarlanıb Elşad Hacıyev
"Heç bir məsələdə güzəştə getməməliyik. Dövlət qurumlarının işini çətinləşdirməməliyik".
News24.az-ın məlumatına görə, bu fikirləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Elşad Hacıyev qeyd edib ki, toy, nişan kimi şadlıq mərasimlərində monitorinqlər həyata keçirilməkdə davam edəcək: "İyul ayının 1-dən bu günə qədər 4865 toyun monitorinqi həyata keçirilib. Ümumi vəziyyət ağır olaraq qalır. Bu dövr ərzində 38 nəfər həbs edilib, 2366 nəfər inzibati tənbeh edilib, 27 nəfərin işi məhkəməyə göndərilib, 31 nəfərin cinayət işi başlanılıb.
Xüsusilə bir məsələyə diqqət çəkməliyəm. Belə ki, monitorinq aparılan toy mərasimlərində 46 899 nəfərin COVID pasportu olmadan şənliklərə gəldiyi məlum olub. Onların içərisində aktiv koronavirus xəstələri və potensial virus daşıyıcıları olub. Vəziyyətin necə ağır olması rəqəmlərdən belə görünür. Növbəti tədris ili başlayandan sonra monitorinq qruplarına Təhsil Nazirliyinin nümayəndələri də dəvət olunacaq. Bütün iri ticarət mərkəzlərinin qarşısına polis qoyulması nəzərdə tutulmur. Burada beynəlxalq təcrübə əsas götürüləcək. Bu iş həmin obyektlərin sahiblərinə həvalə olunacaq. Monitorinq qrupları isə həmin ünvanlarda qəfil yoxlamalar həyata keçirəcək. Bu zaman həmin ticarət mərkəzində COVID pasportu olmadan daxil olan şəxs müəyyən edilərsə, məsuliyyət obyekt rəhbərinin üzərinə düşəcək”, - deyə DİN rəsmisi vurğulayıb.
E. Hacıyev qeyd edib ki, epidemiya əleyhinə rejimin sanitar-gigiyena, karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 4000 manatdan 5000 manatadək cərimə olunacaq: “İşin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 aylıq həbs tədbiri, eləcə də hüquqi şəxslərin 5 min manatdan 11 min manatadək cərimə edilməsi nəzərdə tutulub”.