-
- 25-08-2021, 16:18
- 881
Tağıyevin heykəli niyə bu gün quraşdırılmadı?
Xəbər verdiyimiz kimi, bu gün Hacı Zeynalabdin Tağıyevin heykəlinin quraşdırılması nəzərdə tutulmuşdu. Amma bu gün məlum oldu ki, heykəlin qoyulması baş tutmayacaq.
Məsələylə bağlı heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədovla əlaqə saxladıq. O, News24.az-a açıqlamasında heykəlin ayrılmış məkanda yerləşdirilməsinin təxirə salındığını bildirdi: "Düzdür, heykəl bu gün qoyulacaqdı, amma bilmədiyim və məndən asılı olmayan səbəblər üzündən proses təxirə salındı. Bunun nə zaman baş tutacağı isə özümə də bəlli deyil. Çünki hələlik mənə də bu haqda heç nə deyilməyib. Sadəcə, zəng edib dedilər ki, heykəl bu gün qoyulmayacaq".
Sözügedən məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimovla da danışdıq. Onun cavabı isə lakonik və qəribə oldu: "Heykəlin qoyulacağı haqda məlumatı müəlli Xanlar müəllim yayıb. Yəqin qoyulacağı zamanı da bilər. Elə prosesin təxirə salınma səbəbini də ondan soruşun".
Eyni sualı Mədəniyyət Nazirliyinə də ünvanladıq. Nazirlik də heykəllə bağlı sualları cavablaya bilməyəcəklərini qeyd etdi: "Bu mərhələdəki işləri biz aparmırıq. Heykəl nə zaman qoyulacaq, niyə bu gün alınmadı və sairə sualların cavabı bizdə deyil".
Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Z. Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi keçirib. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olub.
Xatırladaq ki, Hacı Zeynalabdin Tağıyevin heykəli "İçərişəhər" metrostansiyasının qarşısında ucaldılacaq.