-
- 27-08-2021, 11:35
- 397
Azərbaycan ilk dəfə Avropa İttifaqına dəri ixracı həyata keçirəcək
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Avropa İttifaqı ölkələrinə heyan mənşəli qida və qeyri-qida məhsullarının ixracı sahəsində daha bir uğur əldə edilib.
AQTA-dan News24.az-a verilən məlumata görə, agentlik tərəfindən baytarlıq nəzarətində olan qeyri-qida məhsullarının, o cümlədən işlənmiş dərinin Avropa İttifaqı ölkələrinə satışı istiqamətində zəruri tədbirlər həyata keçirilib və Avropa Komissiyasının Sağlamlıq və Qida Təhlükəsizliyi (DG-Sante) Baş Direktorluğu ilə danışıqlar aparılıb.
Agentlik tərəfindən "3A ÇÜMEN DERİ" MMC və "ŞAHİNDƏRİ.M" MMC yerli dəri istehsalçılarının müraciətləri əsasında həmin müəssisələrin Avropa Komissiyasının 142/2011 saylı Qaydalarında göstərilmiş tələblərə uyğunluğu qiymətləndirilib, çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Avropa İttifaqının Ticarətə Nəzarət və Ekspert Sisteminə (TRACES) daxil olması üçün məktub ünvanlanıb.
Ölkəmizdə qida təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması və Agentlik tərəfindən Avropa İttifaqının müvafiq qurumları ilə aparılmış danışıqlar nəticəsində müsbət nəticələr əldə edilib. Ölkəmizdə ilk dəfə olaraq yerli dəri emalı müəssisələri tərəfindən istehsal olunan işlənmiş dəri məhsullarının Avropa İttifaqına ixracının həyata keçirilməsi üçün həmin müəssisələr Avropa İttifaqının Ticarətə Nəzarət və Ekspert Sisteminə müvəffəqiyyətlə qəbul edilib.