“Tahir Salahov açıq-aydın üzümə dedi ki, niyə mən yox, sən” - Ömər Eldarovdan qalmaqallı müsahibə
    • 28-08-2021, 14:11
    • 3 129

“Tahir Salahov açıq-aydın üzümə dedi ki, niyə mən yox, sən” - Ömər Eldarovdan qalmaqallı müsahibə

Birinci hissə bu linkdə 

https://news24.az/68061-maqomayevin-heykeli-hazirdir-amma-pul-yoxdur-.html

Düşüncə, ruh və yaradıcı ağrılardan doğulan hər iş sənət əsəridir. Onunla söhbətimiz, emalatxanada gördüklərimiz bu qənaəti bir daha təsdiqlədi.

Daşlarla həmsöhbət olmaq, onlarda insanı canlandırmaq istəyirsənsə, mütləq buranın həm tozunu, həm də yaradıcı havasını ciyərinə çəkməlisən.

93 illik ömründə onun yapdığı bütün heykəllər məhz belə ərsəyə gəlib.

Qəhrəmanlarının ovqatını - tünlükdəki yalnızlığını, yasaqlara etirazını, nigarançılığını, qorxusu, sevincini əks elətdirmək üçün daşlarla dil tapmağı, onları hiss eləməyi bacarmalısan. Mifoloji obrazdan real qəhrəmanadək yaratdığın hər sənət əsərinin xəyalındakı surəti sənin yol göstərənin olmalıdır. Kəsəsi, hər əsərin öz tarixçəsi, öz ruhu var.

News24.az-ın bu dəfəki həmsöhbəti Azərbaycanın Xalq rəssamı, heykəltaraş, Rəssamlıq Akademiyasının prezidenti Ömər Eldarovdur:


-    İmtina elədiyiniz başqa əsərlər olub?

-    Yox. Çox nadir hallarda sifarişlərdən imtina edirəm. Mən Orta Asiyada, Türkiyədə, Tacıkistanda da çox işləmişəm. Elə adamların heykəlləri üçün sifarişlər almışam ki, heç bilmirdim onlar kimdir.  Bir İbn Simanı tanıyırdım. Bilirdim ki, XVI əsrə qədər ən məşhur həkim o olub. Onun heykəlini düzəldəndə haqqında çox oxudum və heyran oldum. Onun “Tibb kanonu” bütün dünyada məşhur olub. Kiminsə heykəlini qoyanda o adam haqqında oxumaləyam. Bilməliyəm ki, o kim olub. Sədrəddin Əlini kim olduğunu bilmirdim, tanımırdım. Onlar Natəvanın heykəlini görüb demişdilər ki, biz də belə heykəl istəyirik. Yəni hər düzəltdiyim işdən əvvəlhəmin adamın kimliyini çox araşdırıram.


-    Bəs, siz öz heykəlinizi kimin yaratmağınızı istəyərdiniz?

-    Heç kimin. Lazım deyil, heykəlimin qoyulmasını istəmirəm. Başqalarının heykəlləri var, bəsdir.

-    Niyə? Məsələn, istəməzsiniz ki, akademiyanın qabağında heykəliniz olsun?

-    Qəti istəmirəm!

- Sizi canlandıra biləcək potensialda heykəltaraş görmürsüz, yoxsa...

- Heykəlimin qoyulmasına ehtiyac görmürəm. Doğrudan lazım deyil. Belə işlər mənə görə deyil.


- 93 yaşınız var və hələ də Rəssamlıq Akademiyasının rektorusunuz. Yorulmamısınız?

-    Yox. Rektor olmaq mənə çox xoşdur. İstəyirəm bu uşaqlara nə bacarıramsa, eləyim.  Qalan ömrümü onları öyrətməyə sərf edim. Mən akademiyanı, gəncləri, öyrətməyi sevirəm. Nə qədər ömrüm var,  onların yanında olacağam. Istəmirəm bunu başqası eləsin.

Amma qorxuram məndən sonra ora xarab birinin əlinə düşər. Ömrümdə bir dəfə dedim vəzifədən gedəcəm, qoy, cavan adam gəlsin. Onda da adını deməyəcəm, bir nəfər mənə dedi ki, səndən sonra filankəs rektor gələcək. Mən dedim, onu qəbul eləmirəm. Əgər yerimə onu gətirirsinizsə, rektorluqdan getmirəm, yerimdə qalıram. O adam illərlə qurduğum işi dağıdacaq. 

Məni bura prezident təyin edib. Gərək ona yazım. Nə yazım? Yazım ki, məni işdən azad eləsin?!


- Yəni yetirmələriniz arasında akademiyanı etibar edəcəyiniz biri yoxdur?

-    İstedadlı tələbələr çoxdur. Bacardığım qədər onlara iş tapmağa çalışıram. Amma təəssüf ki, bu sahədə iş azdır. Demək olar ki, yoxdur. Son zamanlar bir sifariş oldu. Albert Aqarunovun heykəli ilə bağlı. Onu da yetirmələrim canla-başla işlədilər. Pis iş deyil.

-    Yeri gəlmişkən, 44 günlük müharibədə şəhid olan qəhrəmanlarımızın abidəsini hazırlamağı düşünürsüz?

-    Bunu kim istəməz ki... Çox gözəl təşəbbüsdür. Mənə qalsa, bütün şəhidlərimizə heykəl qoyaram. Allah hər birinə rəhmət eləsin. Amma gərək sifarişlər ola.  Yenə də baxacam. Çox yaxşı təşəbbüsdür.

-    Tələbələriniz Polad Həşimovla Arəstə Baxışovanın heykəlini hazırlamışdılar... 

-    Hə, bilirəm. O işlərə rekomendasiyanı mən vermişəm. Hətta xahiş elədim, xanım şəhidimizin abidəsi Xaçmazda qoyulsun. 

-    Deyirlər, rəssamlıq, heykəltaraşlıq, bu sahələrdə gəlir yoxdur. Ona görə istedadı olan da, bu məsləyin ardınca getmək istəmir. Bu baxımdan, akademiyada vəziyyət necədir? Tələbələr azalmayıb ki ?

-    Çox istedadlı tələbələr var, amma iş yoxdur. Əvvəllər yaxşı nəticələrlə universiteti bitirənlər üç ilə işlə, təqaüdlə təmin olunurdu. Emalatxana verirdilər. İndi heç nə yoxdur. Qabaq heykəltaraşlar müəllim kimi onları özləri ilə aparırdılar ki, öyrənsinlər. Amma indi elə şeylər yoxdur. Yaradıcı adamlar maddi problemlərdən azad olmalı, iş görməyə, yaratmağa köklənməlidir. Bir çoxu akademiyaya qəbul olunur, amma pulu olmadığından davam edə bilmir. Biz kasıb ölkə deyilik. Ona görə bu sahəyə təqaüd təyin olunsaydı, çox yaxşı olardı. Sosial baxımdan bizim akademiyada oxuyanlar çox zəifdir. Atası filankəsdir, anasi filan yerdə işləyir, elə tələbəmiz yoxdur. Ona görə bu uşaqlara təqaüd təyin olsa, çox gözəl olardı. 


-    Nəvələriniz, nəticələriniz arasında heykəltaraşlığa meyllənəni var? Yəni ikinci Eldar Ömərov yetişəcəkmi?

-    Bəli.  Nəvələrim də var, nəticələrim də. Amma hamısı Azərbaycandan uzaqda yaşayırlar. Yarısı ingiltərədə, yarısı Fransada. Bakıda heç kim yoxdur. O ki, qaldı Ömər Eldarovun yetişməsinə, ikinci yox, birinci Ömər Eldarov yetişəcək (gülür)

- Bayaq dediniz, imtina elədiyim heykəl olmayıb. Amma eşitdiyim qədər sizə kriminal avoritetlərdən birinin heykəlini hazırlanmaq təklif olunub...

- Bəli, təklif elədilər, amma imtina elədim. Çox tanınmış avtoritetlərən biriydi. Onun qardaşı Moskvadan gəlmişdi. Şəkilini, filan da gətirmişdilər. Amma mən qəbul eləmədim. 

Adını unutmuşam, deyəsən, ona “Al Paçino” deyirdilər. Rusiyada, Avropada çox tanınmış biri olub. Onu burda öldürüblər, deyəsən. 

- Niyə imtina elədiniz? Heykəltaraş kimi adınıza xələl gələr deyə?

-  Yox. mənim üçün fəri yoxdur o adam kimdir, sadəcə, istəmədim. 


-Sizcə, hər kəsə heykəl qoymaq olarmı?

- Hər kəs istəyir, amma yalnız peşəkar deyə bilər ki, bu tanınmışa heykəl qoymaq olar, ya yox. Çünki onun yaradıcı gözü var. Məsələn, hər kəs Səttar Bəhlulzadə kimi heykəli olmasını istəyər. Amma hər adam elə ola bilməz. Səttarın çox ifadəli, maraqlı siması vardı, indikilər xarizmatik deyirlər. Xarizmatik adam idi. 

- Həmkarlarınızdan kimlərlə dostluq edirsiz? 

- Həmkarlarım arasında çox yaxın dostum yoxdur. Yaşıdlarımın çoxu dünyasını dəyişib, onlardan tək-tük adam qalıb. Bir yerdə işlədiklərimdən demək olar ki, heç biri qalmayıb. Cavanlarla da çox yaxın olmamışam.

- Amma dostluq elədiklərinizlə də aranızda incikliklər, illərlə davam edən narazılıqlar olub.

- Hə, vardı. Ən çox da Tokayla Tahir Salahov məni incidiblər. 


- Tokay Məmmədovla münasibətləriniz barədə az-çox bilirik,  bəs, Tahir Salahovla niyə?

- Deyim də niyə. Bunu o özü mənə etiraf eləmişdi. Deyirdi, niyə sənə SSRİ  Rəssamlıq Akademiyasından emalatxana veriblər, amma mənə yox. O vaxt bu haqda qərar vermişdilər, Bakıda aspirantura kimi emalatxana yaradılsın, rəhbəri də Eldarov olsun. O da bunu həzm eləmədi. Açıq-aydın üzümə dedi ki, niyə mən yox, sən?

Məni o qədər incitdi, xəstəxanalıq oldum, əsəbdən ağzım əyildi, “paraliç” keçirdim. Adama deyərlər, mən heykəltəraş, sən rəssam. Bizim nə problemimiz ola bilər? Çox böyük qalmaqal yaratdı. 

- Bəs, siz xəstələnəndə dediyindən peşman oldu?

- Məncə, yox. Çünki o elə adam idi. Düzdür, çox yaxşı rəssam idi, Azərbaycanın adını hər yerdə tanıtmışdı. Istedadlı idi. Amma karyerist idi. 

Tokay Məmmədovu da bilirsiz, son vaxtlar onunla danışmırdım, amma Salahovla danışırdım. Özü də hər yerdə onu tərifləyirdim. 


- Salahov haqda dediklərinizin əkinə, Tokay Məmmədovun işlərini heç vaxt bəyənməmisiz...

- Mənsiz nə edib? Bir Koroğlunu? Özü Prezidentə deyib ki, 30 il bu əsərin üzərində çalışmışam. Budur 30 illik əsər? O özü tək heç nə yarada bilmirdi. Bəzi əsərlərə heç barmağı belə dəyməyib. Əksinə, dedi ki, mən o emalatxanaya gəlmirəm. Füzulini ikimiz işləyirik, əsər hələ yarımçıq idi. Heykəli pyedyestala qoyduq, əsər olduqca ağır idi. Dedim, Tokay, Füzulinin özü ilə Leyli-Məcnun arasındakı harmoniya yaxşı deyil. Dedi, yox. Yaxıdır, alınıb. Amma mən razılaşmadım.  Özündən çıxdı, dedi, əgər elədirsə, mən gəlməyəcəm, barmağımı da vurmayacam. Onu mən təzədən işlədim. O ancaq baxmağa gəldi.

Amma ondan sonra Füzuli ilə bağlı işləri görəndə, gəldi dedi, mənim emalatxanam boşdur, istəyirəm işləri orda görək. Mən də razılaşdım. Sonra da hamıya dedi ki, bu işi mən görmüşəm. Belə olmaz axı…

Ümumiyyətlə, bir işin iki müəllifi olması heç yaxşı şey deyil. Füzulinin heykəli müsabiqəylə seçilmişdi. Onda Tokay gəlib mənə dedi ki, niyə biz rəqib olaq? Gəl, ikimiz bir yerdə işləyək. Mən də dedim, haqlısan, rəqib olmayaq. Bir yerdə işləyək. Amma sonra dedi ki, səninlə işləmirəm.


- Tokay Məmmədovun sizinlə problemi nə idi?

- O da eyniylə deyirdi ki, niyə məni SSRİ Akademiyasına qəbul elədilər, onu yox. O dövr üçün bu, çox böyük iş idi. Baxdılar mənim işimə, sonra da onunkuna.  Dedilər, bunu qəbul edək.

-  Hansı işlərinizə baxmışdılar ki?

- Mənim “Natəvan”ımı gördülər, onun da Üzeyir Hacıbəyov”unu. Konservatoriyanın qabağında qoyulan heykəli. Dedilər, “Natəvan” xoşumuza gəldi. 

Mənlik nə var burda?  Mən onda az qala Akademiyanın prezidenti Tomska yalvarırıdım ki, məni qəbul elədiniz, onu yox. Axı, bununla yaradıcı adamı yaralayırsız, bu, məni incidir. Qayıtdı ki, o da olacaq. Söz verdi, qəbul da elədi. Amma Tokay bunu mənim üçün eləyərdi? Ay elədi ha….

Tomski tələbəsi kimi məni çox sevirdi. Münasibətimiz çox yaxşıydı.


- Xanımınızdan sonra sizə çətin deyil ki? Erna xanım üçün darıxırsız? Deyilənə görə, aranızda böyük sevgi var idi.

-  Mənim ona böyük sevgim vardı, amma onun mənə… Bax, onu bilmirəm... 

- Niyə elə dediniz? Hər halda, o da sizi sevib ki, bu illəri bir yerdə yaşamısız…

-    Bilmirəm. Mən onu uşaqlıqdan sevmişəm. Məktəb yaşımdan. Ernanın böyük bacısı ilə bir sinifdə oxumuşam. Məndən iki yaş balaca idi. Çox gözəl idi, gözəl fiqurası vardı. Vurulmudum ona. Sonra da evləndik. Mənim 20 yaşım olandan bir yerdə yaşamışıq. 

Amma çətin xasiyyəti vardı. Skandalsız yaşaya bilmirdi. Hər gün, heç nədən dava salırdı. Bəzən elə mübahisə edərdik, qonşu rəssam divarı döyürdü ki, səs eləməyin. Onu da yaratmışam, emalatxanada var. İndi göstərərəm. Çox gözəl və zərif üz cizgiləri var idi. 


-  Yəni o “skandallarınız” üçün də darıxmırsız?

-  (Gülür) Hərdən bir olur.

Gəlin, onun heykəlini də sizə göstərim…

Söhbətimiz bitdi. Amma Ömər müəllimin mərhum xanımı ilə bağlı yaddaşında təzələnən xatirələrsə bitmədi. Emalatxananın ən işıqlı yerindəki ağ büstün qarşısına keçib ona bir neçə dəfə sığal çəkdi. Sonra dodağının altında "o, doğrudan çox gözəl idi" kəlmələrini pıçıldadı. Görünür, emalatxanadakı "daş adamlar"dan ən çox onunla dərdləşir. Kim bilir, bəlkə yenə də nəyəsə görə mübahisə edirdilər...


Rəna CUMAQIZI

Sevda BAYRAMOVA

Fotolar: Hüseyn HƏSƏNOV