AFFA hakimlərə maaş verəcək
    • 30-08-2021, 13:23
    • 1 152

AFFA hakimlərə maaş verəcək

Azərbaycan Premyer Liqası oyunlarını idarə edən hakimlərə “Peşəkar hakim” statusunun verilməsi şərtləri açıqlanıb.

News24.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qurumun İcraiyyə Komitəsinin iclasında 2021-ci il sentyabrın 1-dən etibarən Azərbaycan Premyer Liqasının oyunlarını idarə edən hakimlər üçün “Peşəkar hakim” statusu sisteminin tətbiq olunması barədə qərar qəbul olunub.

Premyer Liqa oyunlarını idarə edən 10 referi (baş hakim) və 15 referi köməkçisinə peşəkar hakim statusu veriləcək.

Peşəkar statusu ilə bağlı həmin hakimlərin hər biri ilə müvafiq müqavilə imzalanacaq.

Peşəkar hakim statusuna malik olan referilərə oyunlara təyinat alıb-almamasından asılı olmayaraq, aylıq 1000 manat (gross), referi köməkçilərinə isə 700 manat (gross) məvacib ödəniləcək.

Peşəkar statusa malik hakimlər əvvəlki qaydada hər oyun üçün müvafiq qonorar da alacaqlar.

Peşəkar statusa malik hakim digər işdə də çalışa bilər, lakin həmin şəxs üçün prioritet hakimlik olmalı, seçim qarşısında qalarsa, üstünlüyü peşəkar hakim statusu ilə əlaqədar bağladığı müqaviləyə verməlidir.

Ciddi səhvə yol verəcəyi təqdirdə, müvafiq hakim peşəkar statusundan müəyyən müddətə məhrum oluna bilər.

Peşəkar statusu ləğv olunan hakim aylıq ödənişdən məhrum olunur və oyunlara təyinat alacağı təqdirdə, həmin hakimə yalnız qonorar ödəniləcək.

Hakimlərin peşəkar statusdan məhrum olunması ilə bağlı qərar Hakimlər Komitəsi tərəfindən qəbul olunur. Zərurət olacağı təqdirdə AFFA prezidenti və/və ya İcraiyyə Komitəsi hakimlərin peşəkar statusdan məhrum olunması səlahiyyətinə malikdir.

Hakimlərə peşəkar statusun verilməsi, statusdan məhrum və bərpa olunması ilə bağlı məsələlərə Hakimlər Komitəsi tərəfindən mütəmadi qaydada baxılacaq, bununla bağlı ictimaiyyətə şəffaf şəkildə məlumat veriləcək.