Narkotiklərin satışı ilə məşğul olan şəbəkənin 9 üzvü saxlanıldı - FOTO - VİDEO
    • 30-08-2021, 16:18
    • 400

Narkotiklərin satışı ilə məşğul olan şəbəkənin 9 üzvü saxlanıldı - FOTO - VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətiriləcək realizə olunması və sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin ifşa edilmələri istiqamətində silsilə əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Yardımlı rayonu Mirimli kəndi ərazisində həyata keçirdikləri növbəti tədbir zamanı həmin kənd sakini Ağagül Qarayev narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun Mirimli kəndində yerləşən evinin həyətindəki yardımçı tikiliyə baxış zamanı 52 kiloqram 49 qram heroin, 328 qram marixuana, 2 kiloqram 585 qram psixotrop maddə metamfetamin və 300 ədəd satışı qadağan olunan psixotrop tərkibli metadon həbi aşkar olunub.

Araşdırma zamanı müəyyən edilib ki, Ağagül Qarayev xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə sıx əlaqələr yaradıb. Daha sonra o, narkotik vasitələri Yardımlı rayonunun ərazisində qəbul edib. Ağagül Qarayevin əsas məqsədi  əldə etdiyi yüksək təsiredici xassəyə malik külli miqdarda narkotik vasitəni hissə-hissə Bakı şəhərində müxtəlif şəxslərə çatdıraraq qanunsuz dövriyyəsini təşkil etmək olub. Saxlanılan şəxs ifadəsində törətdiyi əməli etiraf edərək narkotik maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini və paylanılmasını təşkil etdiyini bildirib.

    Baş İdarə əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində həyata keçirdikləri digər əməliyyat zamanı sosial şəbəkələrdə narkotik vasitələrin onlayn yolla satışını təşkil edən Mehran Musayev və tanışı Əli Mirzəyev saxlanılıb. Bu şəxslərin üzərində şəxsi axtarış aparılan zaman ümumilikdə 132 qram heroin aşkar edilib. Həmçinin  Mehran Musayevin idarə etdiyi avtomobilə baxış zamanı əlavə olaraq 10 kiloqram 490 qram heroin, 3 kiloqram 360 qram marixuana, 200 qram tiryək, 1 kiloqram 440 qram psixotrop maddə olan metamfetamin və 200 ədəd metadon həbi aşkar olunub. 

Baş İdarə əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq Mehran Musayev Əli Mirzəyevlə birgə narkotik vasitələrin onlayn yolla satışını həyata keçirən dəstənin digər üzvləri Beyləqan rayonunda saxlanılıblar. Əməliyyat zamanı Rövşən Quliyev və onunla birlikdə Vüsal Əhmədov, eləcə də Böyükağa Ağayev tutulublar. Saxlanılan zaman onların üzərindən 45 qram heroin aşkar edilib. Bu şəxslər ifadələrində xaric ölkələrdən birində yaşayan narkotacirin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə göndərdiyi külli miqdarda narkotik vasitələri satmaq məqsədi ilə Beyləqan rayonu Qaradağlı kəndi ərasində qəbul etdiklərini bildiriblər. Tədbirin davamı olaraq Rövşən Quliyevin Beyləqan rayonu ərazisində yaşayan qohumunun evində gizlətdiyi əlavə 16 kiloqram 325 qram heroin, 2 kiloqram 515 qram marixuana və 1 kiloqram 280 qram psixotrop maddə olan metamfetamin aşkar olunub.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Mehran Musayev, Əli Mirzəyev, Rövşən Quliyev, Vüsal Əhmədov və Böyükağa Ağayevdən ibarət dəstə üzvləri xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb ediliblər. Onlar onlayn yolla satdıqları narkotik maddələrdən əldə etdikləri külli miqdarda pul vəsaitlərini müxtəlif maliyyə əməliyyatlarının köməkliyi ilə həmin şəxslərin hesablarına köçürüblər.

Baş İdarənin və Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının paytaxtın Yasamal, Səbail və Biləsuvar rayonları ərazilərində həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər saxlanılıb. Əməliyyatlar zamanı Cəlilabad sakini Şamil Nuriyeva Yasamal, Məhərrəm Fariqov Səbail, Seyran Musayev isə Biləsuvar rayonu ərazisində tutulub. Onlardan ümumilikdə 1 kiloqram artıq heroin, metamfetamin və elektron tərəzilər aşkar edilib. 

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 91 kiloqramdan artıq “kola” və “kakos” adlanan narkotik vasitə heroin və “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin, eləcə də 500 ədəd metadon həbi qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib. 

Bir daha vətəndaşlara müraciət edərək bildirik ki, sosial şəbəkələrdə xarici ölkələrdəki narkotacirlər tərəfindən idarə olunan səhifələrdən onlara asan yolla varlanmaq üçün narkotik vasitələrin satışını təklif edən şəxslərin yalan vədlərinə inanmasınlar. Həmin şəxslərin narkokuryerlik təklifinə indiyə qədər müsbət cavan verən şəxslərdən isə könüllü olaraq bu yoldan imtina etməyi tövsiyyə edirik. Əks halda narkoruryerliklə məşğul olan, narkotik vasitələrin onlayn satışını həyata keçirən, bu maddələrin  qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini təşkil edən şəxslərin anket məlumatları Daxili İşlər Nazirliyinin istifadəsində olan ən son texnologiyalar vasitəsi ilə həyata keçirilən əməliyyat-texniki tədbirlərlə müəyyən ediləcək və onlar qısa zamanda saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediləcəklər.