Zenfira İbrahimovaya yaraşmadı...
    • 15-11-2018, 17:51
    • 1 038

Zenfira İbrahimovaya yaraşmadı...

Duydum ki, müğənni Zenfira İbrahimova Oxu.azın əməkdaşı Pərviz Hüseyi hədələməkdə davam edir.

Yazdığı status ucbatından müəllifə düşmən kəsilən müğənninin qəzəbinin keçmədiyi aşikardır. Bu səbəbdən də sosial şəbəkədən P. Hüseynlə "razborka" görüntüsünü paylaşaraq, ironiyalı və alçaldıcı fikirlər yazıb: "Beləsini döymək yox, dərisini boğazından çıxartmaq lazımdır! Sənin işin kişi işi deyil ay uşaq və sənin başın üçün deyil ki, mənim haqqımda nəsə deyəsən! Bəşəriyyətdə heç kim olmasa belə, sənin haqqın sıfırdır! Ona görə də məni səhv salma! Qurban Olasan Fatimə Fətəliyevaya! Yoxsa səni bütün mərtəbələri "gəzdirəcəkdim" (gülüş)".

Pərviz Hüseyn 24 yaşlı çılğın, amma pis niyyəti olmayan gəncdir. Jurnalistikaya, şou-biznes sahəsinə yeni qoşulan yeni nəslin nümayəndələrindəndir. Onun hər hansı bir sənət adamı, şou əhli haqda hər hansı tənqidi məqalə, yaxud status yazması təbii haldır ki, professional adamlar bunu normal qəbul etməlidirlər və edirlər. Buna misal olaraq, xalq artisti Faiq Ağayev ən gözəl nümunədir! Çünki dediyim kimi, ortada bir professional baxışı var. Amma təəssüf ki, bizim əksər sənət və şou nümayəndələrimizdə bu professionallıq yoxdur. Onlar daha çox emosiyaları ilə davranmağa meyillidirlər ki, bu da, həm xoşagəlməzdir, həm də doğru deyil. 
Tamam, Pərviz müxbir kimi fəaliyyət göstərməsindən yana çılğınlıq edərək, özündə cəsarət tapıb və Z. İbrahimovanın şəxsiyyəti, qadınlığı deyil, sənəti haqda tənqidi status yazıb (statusda təhqir yoxdur - A.N) Amma Zenfira xanımın öz barəsində yazılan statusa kəskin münasibət göstərib, kin bəsləməsi, üstəlik, hissə qapılaraq müəllifi "razborkaya" çəkməsi, bu azmış kimi, sosial şəbəkə hesabından təhqir etməsi kənardan heç də yaxşı görünmür. Onun arzuolunmaz davranışını sənəti, səsi olmayan "dayı" puluna oxumağa başlayan biri etsəydi "anlamaq" olardı ki, adam heç sənətin varlığından xəbərsizdi və beləsinin tənqidə normal yanaşmaması, çirkin təhqir və hədələrə əl atması təəccüblü deyil. Amma Z. İbrahimova sənəti, səsi olan, baxarkən kübar qadın təsiri bağışlayan ailəsi - övladı, hörmətli idmançı həyat yoldaşı olan bəlli bir yaşda xanımdır. Bu durumda əslində onun müdrik davranması lazım idi. Çünki ona yaraşan əslində budur! Fəqət, təəssüf, o, sadaladıqlarıma yaraşmayan bir bucaqdan yanaşıb olaya. Bəlkə də əksəriyyəti üçün o, haqlı görünür (elə əksər müğənnilərin evini yıxan da onları o cür "haqlı" görənlərdir - A.N). Ancaq əsla haqlı deyil, əsla emosiyalara qapılmamalı idi. Əsla özündən yaşca kiçik, özünü isbatlamağa çalışan, kimlər üçünsə sözünü deyən bir gəncə qarşı (Üstəlik də o gənc kişi cinsinin nümayəsidirsə - A.N) belə xoşagəlməz reaksiya verməməli idi bir azərbaycanlı qadını, sənətçisi olaraq. Z. İbrahimovanın Pərviz üçün yazdıqları üstəlik, çox çirkin görünür və adam o yazılanları xəyalında belə canlandırmaq istəmir!...
Zenfira xanım, sənətçidir, bundan üstünü, bir qadındır. Qadın Allahın yaratdığı gözəl, zərif məqluqdur ki, Z. İbrahimova da o üstün keyfiyyətlərə malikdir. Amma yazdığı status onun bu keyfiyyətlərini sanki kölgəyə atmış kimidir. Sənəti ilə xalqın sevgisini qazanan bir xanıma əsla yaraşmadı onun kimi çıxış etmək, emosiyalara qapılıb, görünüşcə zəif görünən birini ələ salıb, hədələmək. Bu davranış Z. İbrahimovanın hər baxımdan sadəcə ziyanınadır. Hörmətli Zenfira xanım ola bilər ki, bu gücü idmançı həyat yoldaşından, müğənni kimi ona pərəstiş edən hansısa nüfuzlu şəxslərdən və s. alır. Amma alsa da belə, faydasızdır. Çünki istənilən sənət adamını qaldıran media nümayəndələri birlik olub, həmkarlarına qarşı çirkin davrananı sözlə deyil, emosiyaları ilə deyil, bir tək qələmi ilə yerlə-yeksan etməyə malikdir! O zaman nə fiziki güc, nə pul, nə tapşırıq, nə də başqa vasitələr həmin sənət adamının köməyinə çatar! 20 ilə yaxın karyeramda buna dəfələrlə şahid oldum... 
Əvvəla bir sənətçi - kişi ya qadın, fərqi yoxdur - sənətinə, sənətinin gücünə güvənməlidir, nəinki, yuxarıda sadaladığım kimlərinsə gücünə! İkincisi, məncə Z. İbrahimova əvvəldən müdrik davranaraq sənətinə güvənib, P. Hüseynin yazdığı statusa sadəcə xəfifcə gülümsəməli idi. Hardasa üz-üzə gəldikdə isə Pərvizə "haqqımda yazdığın statusa görə təşəkkür edirəm dostum" - deyə, yenə də mərhəmətlə gülümsəyib, keçməli idi.
Şüurlu insan üçün özünə qarşı səhv etdiyini düşündüyün insanı hədələyərək, ələ salaraq, təhqir edərək deyil, müdrik davranıb, təbəssümlə peşman etmək ən doğru və gözəl taktikadır. Təəssüf ki, çoxunun bu taktikanı özündə bərqərar edəcək iradəsi yoxdur. Çünki o cür insan iradəsizliyindən aqressivliyinin üstün keyfiyyətlərinə həmişə qalib gəlməsinə imkan verir...

Azər Nəsibov