“Gələcək üçün bacarıqlar” layihəsi üzrə müsahibələr başa çatdı - Foto
    • 31-08-2021, 15:22
    • 358

“Gələcək üçün bacarıqlar” layihəsi üzrə müsahibələr başa çatdı - Foto

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”  və layihəyə qoşulan universitetlər tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi üzrə müsahibələr başa çatıb.

News24.az xəbər verir ki, layihənin növbəti komponenti olan "Mentorluq üzrə ixtisaslaşma proqramı”na keçid məqsədilə münsiflər heyəti tərəfindən Anlaşma Memorandumu imzalamış və layihəyə qoşulmuş 4 universitetin (Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti) 50 müəllim heyəti ilə mərhələli şəkildə müsahibə keçirilib. Müsahibələrin nəticələrinə əsasən hər universitet üzrə kriteriyalara uyğun 5 müəllim olmaqla, ümumilikdə 20 müəllim növbəti mərhələdə iştirak haqqı qazanıb. 

Sentyabr ayından etibarən 1 ay davam edəcək “Mentorluq üzrə ixtisaslaşma proqram”ı ərzində  sahəvi mütəxəssislər tərəfindən startap və inkubasiya prosesləri, mentorluq fəaliyyəti  və onların yol xəritələri, layihə proseslərinin idarəolunması və s. kimi mövzularda fiziki təlimlər keçiriləcək və layihə iştirakçılarının mentor kimi ixtisaslaşması təmin ediləcəkdir. 

Xatırladaq ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.