Zəngəzur dəhlizi ilə bağlı son durum: Şərtlər belədir
    • 14-11-2024, 16:13
    • 264

Zəngəzur dəhlizi ilə bağlı son durum: Şərtlər belədir

Rəsmi İrəvan açıqlayıb ki, Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı məqbul həll yoluna yaxındır. Qarşı tərəf kommunikasiyaların açılması ilə bağlı Azərbaycana yazılı təklif göndərib. Eyni zamanda erməni tərəfi bu yaxınlarda Bakının sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflər paketinə cavab verdiyini açıqlayıb. Kommunikasiya xəttlərinin açılması və sülh razılaşması məsələsində tərəflərin mövqeyində hansı yaxınlaşmaların olması gündəmdədir.

News24.az xəbər verir ki, mövzunu Teleqraf.com-a şərh edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bu məsələlərdə bir qədər konfidensiallığın olduğunu bildirib.

“Konkret sənədlərin məzmunu ilə bağlı dərin bilgilər yoxdur. Tərəflər arasında sülh müstəvisində hansı məsələlərin razılaşdırılıb-razılaşdırılmaması açıqlığa qovuşmayıb” - deyə o söyləyib.

Partiya sədrinin fikirlərinə görə, danışıqların açıq bir mövzu ətrafında getdiyini söyləmək mümkün deyil:

“Bütövlükdə isə bu istiqamətdə konstruktiv əməkdaşlıq varsa, niyyət ortadadırsa, bunu qiymətləndirmək lazımdır. Ona görə də daha çox niyyətlər üzərində fikir yürütmək olar. Çünki niyyətlər sülh sazişinin imzalanmasına yönəlib. Bu sülh istiqamətində mühüm irəliləyiş hesab edilir”.

Fazil Mustafa hesab edir ki, sülh üzrə konkret maddələrdə nələrin nəzərdə tutulduğu, Zəngəzur dəhlizinin hansı nəzarət mexanizmi ilə işləyəcəyi aydınlaşmayıb:

“Dəhlizdə gediş-gəlişin, sərbəstlik imkanlarının necə olacağı da maraqlıdır. Azərbaycan Naxçıvana sərbəst gediş-gəlişin olmasını istəyir. Məqsəd odur ki, sərnişinlər və yüklər heç bir yoxlanışdan keçmədən Naxçıvana çatsın. Amma kənar sərnişinlərin və yüklərin adi yoxlanışdan keçərək daşınması mümkün ehtimallardan biridir”.

Deputat bildirib ki, bu şərtlərin əksinə olaraq kommunikasiyaların açılması problemlər yarada bilər:

“Azərbaycanın maraqlarına uyğun kommunikasiya xəttlərinin açılması müəyyənləşməlidir. Daha sonra sülh sazişinin faydalı olub-olmadığını söyləmək mümkün olacaq”.