Prezident yeni naziri qəbul etdi - Video
    • 7-09-2021, 14:10
    • 941

Prezident yeni naziri qəbul etdi - Video

Azərbaycan Prezidenti İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

News24.az xəbər verir ki, dövlət başçısı qəbulda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Siz gənclər və idman naziri vəzifəsinə təyin edilirsiniz, sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız. Ölkəmizin idman ictimaiyyəti sizi yaxşı tanıyır. Siz uzun illər idman sahəsində fəaliyyət göstərirsiniz, eyni zamanda, siz Avropa Gimnastikasının prezidentisiniz. Bu vəzifəyə bir neçə il bundan əvvəl seçilmisiniz və bu, onu göstərir ki, beynəlxalq arenada da nüfuz qazanmısınız. Bu amilləri nəzərə alaraq, bu yüksək etimadı sizə göstərirəm və ümid edirəm ki, idman sahəsində, gənclər siyasəti sahəsində yaxşı nəticələr olacaq.
Bütövlükdə idman sahəsi Azərbaycanda sürətlə inkişaf edibdir və bu gün dünya miqyasında Azərbaycan idman ölkəsi kimi tanınır. Beynəlxalq yarışlarda idmançılarımız yüksək nəticələr göstərirlər. Düzdür, Azərbaycan ictimaiyyəti bizim idman sahəsindəki qələbələrə öyrəşib və əgər biz hansısa nəticəni əldə edə bilmiriksə, əlbəttə ki, məyus olur. Ancaq hamımız bilməliyik ki, idman sahəsində rəqabət kifayət qədər güclüdür və bütövlükdə son illər ərzində idman sahəsində göstərilən nəticələr, əlbəttə, qürurvericidir. İdmançılarımız Dünya, Avropa oyunlarında, digər beynəlxalq yarışlarda bizi sevindirirlər. Son Yay Olimpiya Oyunlarında Rio Olimpiya Oyunları ilə müqayisədə az medal qazansaq da, yenə də hesab edirəm ki, idmançılarımız yaxşı nəticə göstəriblər. Medalların sayına görə Azərbaycan 33-cü yeri, Avropa ölkələri arasında 20-ci, müsəlman ölkələri arasında isə 4-cü yeri tutub. Düzdür, idmançılarımız bu dəfə qızıl medal qazana bilmədilər, amma ona çox yaxın idilər. Amma yenə də deyirəm, idmanda məğlubiyyətlər də olur, qələbələr də olur. Bütövlükdə idman sahəsində əldə edilmiş nəticələr çox müsbətdir. Paralimpiyaçılarımız bizi çox sevindirib və böyük məharət, peşəkarlıq, fədakarlıq göstərərək çoxlu medallar, o cümlədən bir çox qızıl medallar qazanıblar. Əlbəttə ki, bu da çox önəmli hadisədir və biz haqlı olaraq paralimpiyaçılarımızla fəxr edirik.

Eyni zamanda, idman sahəsində buraxılan nöqsanlar da ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır. Xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir. Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir. Onu da nəzərə almalıyıq ki, son Olimpiya Oyunlarında medallar qazanmış idmançılarımız bizim təcrübəli idmançılardır. Demək olar ki, veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir. Necə ola bilər ki, nəsillər arasında artıq belə bir ara, elə bil ki, məsafə yaranır. Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət almışdır, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksimiz fəaliyyət göstərir. Onların fəaliyyəti ciddi təftiş edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir? Çünki biz, bu infrastrukturu, bu kompleksləri o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda, peşəkar idmançılar yetişsin. Nəzərə alsaq ki, Tokio Olimpiya Oyunlarında gənc idmançılar medallar qazana bilmədilər, bu, çox ciddi təftiş edilməlidir. Klublardakı vəziyyətlə bağlı təhlil aparılmalıdır. Yəni, biz nəticə çıxarmalıyıq. Biz, əlbəttə, qələbələrlə fəxr edə bilərik. Ancaq çatışmazlıqlar da var və onlar aradan qaldırılmalıdır. Bu sahədə şəffaflıq tam təmin edilməlidir və bütün xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır.

İdman sahəsində tərbiyə məsələlərinə də çox ciddi diqqət yetirmək lazımdır. Bütövlükdə gənclərimizin tərbiyə edilməsi prosesi diqqət mərkəzində olmalıdır. Gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sütunumuzdur. Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır və buna nail olmaq üçün tərbiyə işləri aparılmalıdır. Gənclər savadlı, bilikli olmalıdırlar, eyni zamanda, milli mədəniyyətimizə yaxın olmalıdırlar. Bizim milli dəyərlərimizi dərk etməlidirlər, onları yaşatmalıdırlar və bu istiqamətdə çox ciddi iş aparılmalıdır. Çünki indiki dünyada qloballaşma prosesləri gedir və bəzi hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər. Yəni, gəncləri aldatmaq, yoldan çıxarmaq üçün səylər göstərilir. Biz bunu görürük və əlbəttə, bunun qarşısı alınmalıdır. Burada vətənpərvərlik hissləri ön planda olmalıdır. Əlbəttə ki, İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz gənclərin tərbiyə işində əsas rol oynamalıdır. 44 günlük Vətən müharibəsinin hər günü bizim üçün əzizdir, doğmadır. Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün doğmadır, bizim üçün müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almalıdırlar. Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər. Bunun çox böyük mənəvi və psixoloji mənası var. Uzun illər Azərbaycan işğala məruz qalmış ölkə, biz azərbaycanlılar isə düşmən tərəfindən öz doğma torpağından didərgin salınmış xalq kimi yaşamışıq, əzab-əziyyət içində yaşamışıq, fiziki və mənəvi əzablar içində yaşamışıq. Biz buna son qoyduq. Bundan sonra müzəffər xalq kimi, qalib ölkə kimi, qürurlu insanlar kimi əbədi yaşayacağıq. Bu şanlı tarixi yaşatmaq üçün, qorumaq üçün və gəncləri bunun əsasında tərbiyə etmək üçün sizin nazirliyinizin üzərinə böyük vəzifələr düşür.

Mən əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz və bu prinsipləri gündəlik fəaliyyətinizdə rəhbər tutaraq nazirliyin fəaliyyətini təşkil edəcəksiniz. Sizi təbrik edirəm və sizə fəaliyyətinizdə uğurlar arzulayıram.

***

Fərid Qayıbov: Çox sağ olun cənab Prezident. Əvvəlcə icazə verin, göstərdiyiniz bu etimada, haqqımda deyilən bu sözlərə görə Sizə dərin minnətdarlığımı bildirim. Bu, mənim üçün böyük bir şərəfdir. Verdiyiniz tapşırıqlar, tövsiyələr aydın oldu, elə dərhal bu istiqamətdə işləməyə başlayacağam. Söz verirəm ki, əlimdən gələni edəcəyəm. İnanıram ki, sağlam cəmiyyətdə yaşayan Azərbaycan gəncləri yaxın gələcəkdə də öz yeni uğurları ilə, idmançılarımız isə yeni qələbələri ilə, cənab Prezident, Sizi və Azərbaycan xalqını sevindirəcəklər. Çox sağ olun.