Şəmkirdə ticarət mərkəzindəki obyektlərin fəaliyyəti dayandırıldı - Video
    • 7-09-2021, 14:12
    • 463

Şəmkirdə ticarət mərkəzindəki obyektlərin fəaliyyəti dayandırıldı - Video

Şəmkir rayonunun Çinarlı qəsəbəsində fəaliyyət göstərən ictimai iaşə müəssisələrinin fəaliyyəti dayandırılıb. 

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində aparılmış plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. 

Xidmətlə razılaşdırılmadan obyektin təyinatı dəyişdirilib, obyekt odsöndürənlərlə təchiz olunmayıb, yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb və digər qayda pozuntuları aşkarlanıb. 

Qeyd olunanları nəzərə alaraq, Çinarlı qəsəbəsində fəaliyyət göstərən ticarət mərkəzinin ərazisində yerləşən ictimai-iaşə obyektlərində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə qərar qəbul edilib.