Belaruslu jurnalist: "Azərbaycan xalqına AŞİQ OLDUM
    • 9-09-2021, 17:07
    • 1 424

Belaruslu jurnalist: "Azərbaycan xalqına AŞİQ OLDUM"

Bu gün Azərbaycan Hərb Tarixi Muzeyində “Azərbaycan oğulları Belarusun faşistlərdən azad edilməsində” mövzusuna həsr olunan tədbir keçirilib.

News24.az xəbər verir ki, tədbirdə Belarusdan gələn qonaqlar, AMEA və Beynəlxalq hərbi əməkdaşlıq idarəsinin nümayəndələri, həmçinin muzeyin şəxsi heyətinin iştirak edib.

Əvvəlcə AHTM-in rəisi polkovnik Əzizağa Qəni-zadə məruzə ilə çıxış edib. Daha sonra AMEA-nın Tarix İnstitunun elmi işlər üzrə direktoru, professor Cobi Bəhramov və Belarusiyadan gələn qonaqların çıxışları dinlənilib. “Azərbaycan oğulları Brestdə” adlı sənədli film nümayiş olunub.


Tədbirin sonunda Belarusdan gələn qonaqlar News24.az-a özəl müsahibələr veriblər.

Minskdən olan tarixçi, yetmişdən çox məşhur ensiklopedik nəşrin müəllifi Dimitri Koşebar Qarabağ qələbəsindən və xalqımızın qonaqpərvərliyindən danışıb: “Biz qənimət parkında olduq, Şəhidlər Xiyabanını ziyarət etdik. Mən ilk növbədə Azərbaycan xalqını öz torpaqlarını işğaldan azad etməsi münasibətilə təbrik edirəm. Mənim Azərbaycan xalqı haqqında 3 əsas təəssüratım var. İlk təəssürat insanların mehribanlığı və qonaqpərvərliyidir. Bu cür isti münasibət mənə xoş təsir etdi.


İkincisi də onu gördüm ki, azərbaycanlılar öz tarixlərini çox ehtiramla yad edirlər, öz qəhrəmanlarının hamısına çox həssaslıqla yanaşırlar. Biz Şəhidlər Xiyabanında olduq və heyran qaldıq. Çünki ümumi siyahı yerinə hər bir şəhidin portreti məzar daşında həkk olunub. 

Üçüncü məsələ də ondan ibarətdir ki, azərbaycanlılar bütün ən yaxşı texnikalara qapılarını açırlar. Digər xalqların yeniliklərinə uyğunlaşmağa çalışrılar. Sovet İttifaqının dağılmasından sonra 30 il ərzində Azərbaycanın hərbi-texniki sahədə çox irəlilədiyini gördüm. Azərbaycan Ordusu Qarabağ döyüşündə parlaq əməliyyat keçirib. Belarus əhalisi ermənilərin barbar yollarla dinc Azərbaycan sakinlərini məhv etdiyini bilmirdi”.


Yazıçı, jurnalist Larisa Kuçerova xalqımız haqqında çox isti fikirdə olduğunu bildirib: “Mən ilk dəfə Azərbaycana gəldim. Tam səmimi deyirəm: sizin şəhərə və insanlarınıza aşiq oldum. Xalqınız çox həssasdır. Tarixinizi araşdırmışam. Bu torpaqda sinələrində nəcib ürəkləri olan saf, işıqlı insanlar yaşayır. Bu insanları ancaq sevmək və hörmət etmək lazımdır. Xalqlarımız arasında dostluğu qoruyub saxlamalı, aradakı boşluqlara yol verməməli və birlikdə parlaq gələcəyə doğru çiyin-çiyinə addımlamalıyıq”.

Müxbir: Ülviyyə Musayeva/Məhərrəm Əliyev
Foto: Nicat Niftəliyev