Ucar Rayon İcra Hakimiyyəti niyə kəndlər arasında ayrıseçkilik salır?
    • 16-07-2018, 13:27
    • 1 700

Ucar Rayon İcra Hakimiyyəti niyə kəndlər arasında ayrıseçkilik salır?

News24.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub. Bu dəfəki şikayət Ucar rayonunun Şahlıq kəndinin əhalisindəndir. Bu kənd şahlığını yalnız adında yaşayır. 

Kənd əhalisi qazın verilməməsindən şikayətçidir. Belə ki, bu kəndə çox yaxın məsafədə yerləşən qonşu Ramal və Əlikənd kəndlərinə qaz xəttləri çəkilir, tezliklə qazın veriləcəyi bildirilir. Bir addımlıqda olan Şahlığa isə, qaz xəttinin çəkilməsindən və verilməsindən söhbət getmir.

Bu 3 kəndin camaatı  elektrik enerjisinin zəif verilməsindən də şikayətçidir. Bir balaca külək əssə, günlərlə zülmətə qərq olurlar. Deyirlər ki, gün ərzində işığın fasilələrlə verilməsi və veriləndə də zəif verilməsi əhalinin məişət və elektrik əşayalarını sıradan çıxarır.

Qaz problemi ilə bağlı “Azəriqaz”  İstehsalat Birliyi ilə əlaqə saxladıq. İstehsalat Birliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, həmin kəndə qazın verilməməsinin onlarla heç bir əlaqəsi yoxdur. “Həmin əraziyə qazın verilməsi məsələsi birbaşa Ucar Rayon İcra Hakimiyyətinin səlahiyyətindədir”,- deyə bildirildi. 

Ucar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Məhəmməd Bayramovla əlaqə saxladıq. Şahlıq kəndinin şikayətini dinlədikdən sonra “Bu məsələnin mənə aidiyyatı yoxdur”- deyərək telefonu söndürdü. 

Şikayətlə bağlı Ucar Rayon Qaz İstismar İdarəsinin rəisi Rüstəm Mehdiyevlə əlaqə saxladıq. Onun cavabı belə oldu: “Bu bizim işimiz deyil. Xahiş edirəm, əgər siz nə isə aydınlaşdırmaq istəyirsizsə, zəng eləyin “Azəriqaz”-a , o sizə məlumat versin. Mən müsahibə verən deyiləm”. Bu məmur da telefonu üzümüzə söndürdü.

Deyəsən belə davam edərsə, Rayon İcra Hakimiyyəti Şahlıq kəndini elə şahlıq dövrünə geri qaytaracaq. 

Problemi diqqətdə saxlayacağıq. Ucar Rayon İcra hakimiyyəti məsələyə aydınlıq gətirmək istəsə, onların mövqeyini dərc etməyə hazırıq.

Elvin Nüsrətoğlu