Astara sakinlərində 6 kq-dan artıq narkotik aşkarlandı
    • 23-09-2021, 15:12
    • 358

Astara sakinlərində 6 kq-dan artıq narkotik aşkarlandı

Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 6 rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, onlardan ümumilikdə 6 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Astara RPŞ-nin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ərçivan qəsəbəsinin sakini Emil Rzayev saxlanılıb.

Keçirilən baxış zamanı onun üzərindən 7 qrama yaxın, yaşadığı evin həyətindəki yarımçıq tikilidən isə 6 kiloqram 620 qram narkotik vasitə qurudulmuş marixuana aşkarlanıb.

Astara RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə daha 5 nəfər rayon sakini Emil Cəfərov, qardaşı İlqar Cəfərov, Rüfət Abdullayev, Gülxan Kərimov və Təbriz Mirzəyev saxlanılıblar.

Onlardan hazır bükümlərdə külli miqdarda heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.