Şəhidin il mərasimi keçirildi
    • 1-10-2021, 16:53
    • 489

Şəhidin il mərasimi keçirildi

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış DİN Daxili Qoşunlarının hərbi qulluqçusu baş çavuş Abdullayev Tural Şakir oğlunun bu gün il mərasimi keçirilib.

News24.az xəbər verir ki, mərasimdə daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev, Daxili Qoşunlar Komandanının müavini general-mayor Vidadi Əliyev, Bakı şəhər BPİ-nin rəisi, polis general-mayoru Əkbər İsmayılov, Xəzər və Sabunçu Rayon İcra hakimiyyətlərinin başçıları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak ediblər.

İştirakçılar əvvəlcə şəhid T.Abdullayevin Xəzər rayonunun Binə qəsəbəsindəki Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib, önünə çiçək dəstələri düzüblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən nzir müavini İ.Əliyev və digərləri T.Abdullayevin şərəfli, hər bir gənc üçün örnək olan ömür yolundan, Daxili Qoşunlardakı nümunəvi hərbi xidmətindən, eləcə də Vətən müharibəsindəki hərbi əməliyyatlar zamanı göstərdiyi qəhrəmanlıq, fədakarlıq, mərdlik və igidlik nümunələrindən söhbət açıb, ölümündən sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən xidmətlərinin yüksək qiymətləndirildiyini, hər bir şəhid ailəsinin, qazinin ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatələndiyini tədbir iştirakçılarının nəzərinə çatdırıblar.
Şəhidin atası Şakir  Abdullayev Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə baş çavuş Abdullayev Tural Şakir oğlu (ölümündən sonra) “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.