Cəbrayılda, Ağdamda, Şuşada ən yüksək səviyyəli işlər görüləcək - Prezident
    • 5-10-2021, 12:17
    • 557

Cəbrayılda, Ağdamda, Şuşada ən yüksək səviyyəli işlər görüləcək - Prezident

"Bu gün həm Cəbrayılda, həm də işləri artıq başlanan Ağdamda, Şuşada ən yüksək səviyyəli işlər görüləcək. Mən bu işləri hər hansı bir başqa standartlarla müqayisə etmək istəmirəm, çünki o, şəhərsalma işlərində mövcud deyil. Bu praktika şəhərsalma işlərində birinci praktikadır və biz dünyanın ən gözəl təcrübəsini gətirmişik. Bütün işlər ən mütərəqqi texnologiyalar əsasında qurulacaq və bu işləri biz, necə deyərlər, özümüzə borc bilib görəcəyik".

News24.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

"Qayıdıram o sözlərə - əgər Ulu Öndər bu ölkənin təməlini düzgün qoymasaydı və dövlətçilik qurmasaydı, bu gün Zəfərdən söhbət gedə bilməzdi. Sadəcə olaraq, Azərbaycan xalqı müdriklik göstərib, 2003-cü ildə və ondan sonrakı illərdə onun siyasətinə səs verib. Bütün təzyiqlərə, hədə-qorxulara, təhqirlərə, yalanlara, uydurmalara baxmayaraq, biz bu yoldan dönmədik. Neçə dəfə bizi devirmək istəmişdilər? Bunu Azərbaycan xalqı yaxşı bilir, bunu mən yaxşı bilirəm, çünki bəzi xarici dairələr bəzi yerli satqınların əli ilə məni devirmək istəyirdilər. Alınmadı. Nə üçün? Xalq dəstəkləmədi. Əgər xalq dəstəkləsəydi, əlbəttə, buna nail ola bilərdilər. Görün postsovet məkanında zor tətbiq etməklə nə qədər çevriliş baş verib.

Buna indi inqilab deyirlər, çevriliş deyirlər, təkamül deyirlər. Amma fakt odur ki, hakimiyyət dəyişikliyidir. Elə götürün bu Ermənistanı. Əvvəlki Ermənistan rəhbərliyinə erməni xalqı o qədər nifrət edirdi ki, hətta müharibəni uduzmuş insana yenə də səs verdi, təki onlar qayıtmasınlar. Ona görə xalq dəstəkləmədi. Çünki xalq bilirdi, görürdü ki, bizim işimiz haqq işidir, biz ölkəmizi gücləndiririk", - dövlət başçısı bildirib.