"Maaşlar 10 FAİZ ARTACAQ” -  Natiq Cəfərli
    • 18-10-2021, 13:29
    • 1 217

"Maaşlar 10 FAİZ ARTACAQ” - Natiq Cəfərli

Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurasının 16 oktyabrda qəbul etdiyi qərara əsasən, təbii qazın və elektrik enerjisinin tarif qiymətləri qalxıb. Elə həmin gün dövlət başçısı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" imzaladığı sərəncama görə, əməkhaqları, əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı tapşırıq verdi. 

Vətəndaşları narahat edən məqam isə təbii qaz və elektrik enerjisinin qiymətlərinin bahalaşmasının onların yaşayış səviyyəsinə hansı formada təsir edəcəyidir. Bundan əlavə, maaşların artırılması kommunal ödənişlərin bahalaşması fonunda özünü necə büruzə verəcək? 

İqtisadçı ekspert Natiq Cəfərli məsələni News24.az-a şərh edib.

Ekspert bildirib ki, təbii qazın və elektrik enerjisinin limitə qədər olan hissəsində artımın olması onu deməyə əsas verir ki, bahalaşma aztəminatlı ailələrə daha çox təsir edəcək: “Çünki qiymətlər limitdən yuxarı onsuz da baha idi. Bu kateqoriyada bir dəyişiklik yoxdur. Kiçik həcmli mənzildə yaşayan 4 nəfərlik bir ailədə kommunal xidmətlər təxminən 20 faiz bahalaşacaq. Əvvəl 20 manat ödəyənlər indi 24 manat ödəmək məcburiyyətində olacaqlar. Qiymətlər qalxdıqca, əhali qənaət etməyə üstünlük verir. Ola bilsin ki, həm elektrik, həm də təbii qaza daha qənaətlə yanaşaraq, ailələrin büdcəsinə 20 yox, 15 faiz də təsir göstərə bilər. Ümumən kommunal ödənişlərdə nəzərəçarpacaq artım müşahidə edəcəyik”. 

Natiq Cəfərli vurğulayıb ki, qanunvericiliyi əsas götürsək, gəlirlərlə bağlı ilin sonunda indeksləşmə aparılmalı id: “Bu günə qədər indeksləşmə 2 istiqamətdə aparıldı: Rəsmi inflyasiya dərəcələri və orta aylıq əmək haqqının artım tempinə görə. Hər ikisində rəqəmlər fərqlidir. Rəsmi inflyasiya təqribən 5,1 faiz, nominal gəlir artımı isə 1 faiz civarındadır. Ona görə də bu göstəriciləri nəzərə alıb, addım atılacağını düşünmürəm. Zənnimcə, büdcədən maliyyələşən şəxslərin təqaüd və maaşları 10 faiz artacaq”.