Bakıda qəribə QADAĞA: Eyvandan paltar asanlar cəzalanacaq
    • 25-06-2018, 11:17
    • 1 390

Bakıda qəribə QADAĞA: Eyvandan paltar asanlar cəzalanacaq

Bakının mərkəzində yaşayan sakinlər üçün maraqlı qadağalar tətbiq edilir.

Şəhərin mərkəzində binalarda yaşayan sakinlərə eyvan və pəncərələrdə zivələrə paltar asmağa icazə verilmir. Bu barədə paytaxtın Yasamal, Səbail, Nərimanov, Nizami rayonları ərazisində yaşayan vətəndaşlardan bildiriblər.

Vurğulanıb ki, polislər məhəllələri gəzərək, zivələrə paltar asan vətəndaşlara xəbərdarlıq edib. Bildiriblər ki, yol kənarlarına baxan eyvanlardan zivələrə paltar asmaq qadağandır.

Güc strukturlarından bildirilib ki, bu barədə onlara Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi göstəriş verilib. Göstərişə görə, şəhərin mərkəzində binalarda zivələrə paltar asmaq olmaz.

Məsələyə aydınlıq gətirmək üçün Bakı şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Bakı Meriyasının aparat rəhbəri Rasim Quliyev açıqlamada qurumdan belə bir tapşırığın verildiyini təsdiqlədi. Onun sözlərinə görə, bu tapşırıq şəhərin gözəlliyinə xələl gətirməmək üçün verilib.

“Şəhərimizə çoxsaylı tursitlər gəlir. Bakının görünüşünü korlamaq olmaz. Yaşayış binalarında paltar asırlar. Yəqin razılaşarsız ki, küçənin ortasında eybəcər borulardan sallanan və üzərinə alt paltarından tutmuş müxtəlif geyimlərin asıldığı zivələr pis görünür. Bu vəziyyət estetik cəhətdən xoş görünmür və məqsədəuyğun deyil”, - deyə Rasim Quliyev bildirib.

Qeyd edək ki, Bakı meriyasının tapşırığına əməl etməyən sakinlər cəzalandırıla bilər. Hələlik cərimənin məbləği dəqiqləşdirilməyib. Lakin polisin tapşırığına əməl etməyib, tabesizlik edən vətəndaşlar barədə hüquq çərçivəsində tədbirlər görüləcək.



//BAKU.WS