Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti öz işinə başladı
    • 27-10-2021, 16:01
    • 823

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti öz işinə başladı

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusu 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü bərpa etdi. İşğal dövründə bütün yaşayış məntəqələrində sosial infrastrukturla yanaşı, bölgədəki tarix-mədəni mirası dağıdılaraq talan edilib. Hazırda Azərbaycan dövləti tərəfindən işğaldan azad edilmiş torpaqların bərpası prioritet vəzifə kimi elan olunub, bu istiqamətdə genişmiqyaslı işlərə başlanılıb. Azad olunmuş Qarabağ bölgəsində müxtəlif sahələr üzrə, o cümlədən mədəniyyət infrastrukturunun yaradılması üçün yerli və xarici investorların cəlb edilməsi böyük əhəmiyyət kəsb edir.

Mədəniyyət Nazirliyindən News24.az-a verilən məlumata görə, oktyabrın 27-də Bakıda İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (İCYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti öz işinə başlayıb.

Sammitdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak edir.

Sammitin açılışında çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə tərəfdaş ölkələrdən investisiyaların cəlb olunmasında maraqlıdır. Nazir bərpa işlərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin sahibkarlarını görmək istədiklərini bildirib, bu sahədə əməkdaşlığın qarşılıqlı və faydalı olacağına əminliyini ifadə edib.

Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan bildirib ki, Azərbaycan ötən il qazandığı tarixi Qələbə ilə dünya iqtisadiyyatına təsir edəcək bir bölgəyə çevrilib: “Ümid edirik ki, Qarabağda turizm, kənd təsərrüfatı sahəsi inkişaf edəcək. Biz görürük ki, Qərb mədəniyyəti genişlənərək dünyaya təsir edir. Ancaq hər ölkə mədəniyyətin bir rəngidir. İdmanın növləri çoxdur. Biz öz mədəniyyətimizə xas olan idman növlərini bir məhsul formasında dünya bazarına çıxarsaq, uğur qazanmaq şansımız yüksək olacaq”.

Digər çıxışlarda da sammitin əhəmiyyəti vurğulanıb, Azərbaycanda yeni investisiya mühitinin formalaşdığı diqqətə çatdırılıb.

Qeyd edək ki, üç gün davam edəcək sammitin məqsədi gənclərə startap layihələrini investorlara təqdim etmək fürsəti yaratmaqdır. Sammit çərçivəsində startaplar üçün xüsusi tanıtım proqramı təşkil ediləcək, 50-yə yaxın startapın təqdim olunacağı sərgi keçiriləcək. Startap layihələri qida, kənd təsərrüfatı, “yaşıl iqtisadiyyat”, maliyyə texnologiyaları, oyun və onlayn tətbiqlər, ətraf mühit, yenilənən enerji, ağıllı texnologiyalar, hava nəqliyyatı, logistika və s. sahələri əhatə edəcək.

Sammit çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, startaplar üçün xüsusi proqram, mədəni və digər tədbirlər nəzərdə tutulur.