Milli Məclisin deputatı regional toplantıda iştirak etdi
    • 27-10-2021, 18:32
    • 476

Milli Məclisin deputatı regional toplantıda iştirak etdi

Oktyabrın 26-da və 27-də hibrid formatda  ATƏT-in Cənub-Şərqi Avropada Sahə Missiyaları Rəhbərlərinin Regional Toplantısı keçirilib. 

News24.az xəbər verir ki, tədbirdə ATƏT PA-da Milli Məclisin nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi Azay Quliyev iştirak edib. Tədbirə Serbiyanın Xarici İşlər naziri Nikola Selakoviç, ATƏT-nın Baş katibi Helqa Şmidt, ATƏT-in Münaqişələrin qarşısının alınması Mərkəzinin direktoru Tuula Yuryelya, ATƏT-in Cənub-Şərqi Avropada Sahə Missiyaları Rəhbərləri, region ölkələrinin ATƏT-dəki daimi nümayəndələri, eləcə də ATƏT-in digər institutlarının təmsilçiləri qatılmışdır.   

İki günlük konfrans çərçivəsində COVİD-19 pandemiyasının çoxtərəfli əməkdaşlığa yaratdığı əngəllər, Cənub-Şərqi Avropada Sahə Missiyaları fəaliyyətləri, qlobal və regional miqyasda terrorizmlə mübarizə, region ölkələrinin Avropa İttifaqına inteqrasiya məsələləri, eləcə də ATƏT Parlament Assambleyasının Helsinki prinsipləri mövzunda həyata keçirdiyi sil-silə müzakirələr haqda fikir mübadiləsi aparılıb. 

Konfransa ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi mandatı çərçivəsində qatılan Azay Quliyev tədbirdə çıxış etdi.
O, nitqində mandatına Cənub-Şərqi Avropada, xüsusən də Qərbi Balkanlarda barışıq və münasibətlərin bərpasının təşviq edilməsi məqsədilə cəmiyyətin bütün təbəqələri arasında, xüsusən də parlament səviyyəsində dialoqun dəstəklənməsi, həmçinin demokratik təsisatların transformasiyası və formalaşmasına töhfə verilməsi, eləcə də regionda cərəyan edən əsas hadisələrlə bağlı Assambleyaya hesabat verilməsi, o cümlədən regiondakı  məsələlərlə bağlı ATƏT və Parlament Assambleyasının müvafiq komitələrinin fəaliyyətinin koordinasiya edilməsinin daxil olduğu haqda məlumat verdi.

Azay Quliyev regionda cərəyan edən gərginlikləri və cari durumun monitorinq edildiyini, yaxın gələcəkdə mandatı çərçivəsində ATƏT PA Prezidenti ilə birlikdə Türkiyəyə rəsmi səfərin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd etdi. Növbəti ay ərzində miqrantlarla bağlı durumun müzakirə edilməsi üçün  Yunanıstana səfərinin həyata keçirilməsinin planlaşdırıldığını bildirdi.  Gələn il ərzində Serbiyada parlament, Bosniya və Herseqovinada isə ümumi seçkilərin ATƏT PA tərəfindən müşahidə edilməsinin gözlənildiyini söylədi.