Çingiz Abdullayev “Birinci Qarabağ Müharibəsi olmayıb, bu, yalandır” fikirlərinə aydınlıq gətirdi - VİDEO
    • 2-11-2021, 14:11
    • 511

Çingiz Abdullayev “Birinci Qarabağ Müharibəsi olmayıb, bu, yalandır” fikirlərinə aydınlıq gətirdi - VİDEO

Xalq yazıçısı Çingiz Abdullayev tənqid olunan “Birinci Qarabağ Müharibəsi olmayıb, bu, yalandır” fikirlərinə aydınlıq gətirib.

News24.az xəbər verir ki, Ç.Abdullayev bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb. 

Videoda deyilir: "Bir neçə gün bundan öncə Sumqayıtda oxucularla görüşdüm. Görüşdə 600-700 insan gəlmişdi və onların arasında şəhid anaları da var idi. Təbii ki, müharibədən danışdıq. Mən bildirdim ki, hələ bir il bundan öncə Rusiya telekanallarında qonşularımızla danışarkən mənə dedilər ki, “Siz ticarət xalqısız, biz isə əsgər xalqı. Ona görə də birinci müharibədə biz sizə qalib gəldik və torpaqlarınızı aldıq”. İndi isə bəziləri deyir ki, Çingiz şəhidlərə hörmətsizlik edib. Bunların hamısı yalandır. Çünki şəhidlərin arasında mənim bir neçə qohumum var. Şuşada şəhid olan qardaşım var. Ümumiyyətlə mən həmişə demişəm ki, neçə min şəhid itirmişik, Allah onların hamısına rəhmət eləsin. Çünki onların hamısı qəhrəmandırlar. Onlar silahsız, tanksız, topsuz mübarizə aparıblar. Yalnız Ağdamdan 6 min insan həlak olmuşdu.

İki eyni müharibənin olması ilə bağlı ona görə razılaşmıram ki, 40 ildən sonra nəvələrimizn ordumuzun Xocalını niyə müdafiə etmədiyini soruşacaq. Baxmayaraq ki, Xocalıda 4 Milli Qəhrəman olub. Ona görə ki, ordumuz olmayıb. Qəhrəmanlarımız çox olub. Neçə min insan itirmişik, 1 milyon qaçqınımız olub, 20 faiz torpaqlarımızı itirmişik. Amma o dövrdə Ümummilli lider Heydər Əliyev gəlməsəydi, bəlkə də daha çox itirəcəkdik. O bizi xilas etdi. Müharibəni dayandırdı. Biz isə o vaxt Bakıda hakimiyyət mübarizəsini fikirləşirdik. Könüllü batalyonlarımız isə cəbhədə vuruşurdu. Ona görə də mən qonşularımızla razı ola bilmərəm. Biz ticarət xalqı deyilik. Biz Qəhrəman xalqıq. Görün nə qədər şəhid o müharibədə vermişik, nə qədərini ikinci müharibədə. Amma axırıncı müharibədə bizim müstəqil ordumuz, iqtisadiyyatımız, pulumuz, imkanımız, prezidentimiz və onun iradəsi olub. Ona görə mən bunu dedim”.

Çingiz Abdullayev bildirib ki, o bu sözləri bir il bundan öncə də deyib, 1 ay öncə isə yazıb: “Həmin vaxt oxuyanlar buna fikir vermədilər. O videonu qəsdən elə çəkiblər ki, birinci hissədə danışdıqlarım olmasın. Orada olan yüzlərlə adamdan nə danışdığımı soruşun”.

Qeyd edək ki, Çingiz Abdullayev “Birinci Qarabağ Müharibəsi olmayıb, bu, yalandır” ifadəsini ötən gün Sumqayıtda oxucuları ilə görüşündə deyib. O, oxucularından “Birinci Qarabağ Müharibəsi” ifadəsini işlətməməsini xahiş edib: “Birinci Qarabağ Müharibəsi deməyin! Bu müharibə olmayıb, yalandır. Ermənilər Sovet qoşunlarına pul verib, tanklarından istifadə edib bizim torpaqlarımızı alırdılar. Bizim ordumuz olmayıb. Xocalıya girən 366-cı alayda komandirlərin hamısı erməni idi. Əsl müharibə indi olub. 44 günlük müharibə ki, bizim müstəqil ordumuz olub, komandiri olub”.