Tərtərin icra başçısı: “Vətəndaşlar müharibədən İSTİFADƏ EDİB, evlərini TƏMİR ETDİRMƏK istəyirlər” - VİDEOMÜSAHİBƏ
    • 4-11-2021, 16:42
    • 3 326

Tərtərin icra başçısı: “Vətəndaşlar müharibədən İSTİFADƏ EDİB, evlərini TƏMİR ETDİRMƏK istəyirlər” - VİDEOMÜSAHİBƏ

“Tərtərdə 44 günlük Vətən müharibəsi müddətində zərərçəkən ev və obyektlərlə bağlı ümumilikdə 7 056 akt bağlanıb”. 

Bunu News24.az-a müsahibəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

Müsahibəni təqdim edirik:

- Ermənilərin vandalizmi Tərtərə hansı ziyanları vurub?

- Ermənilərin hücumu nəticəsində Tərtərdə 6 003 yaşayış və qeyri-yaşayış obyektləri zərər görüb. Həmin obyektlərdən 44-də iş başlamayıb. Bu obyektlərlə bağlı vətəndaşlar daha çox vəsait tələb edir. Ötən gün həmin vətəndaşlar qəbul edilərək dinlənilib. 344 evdə isə təmir işləri davam edir. Hesab edirəm ki, bu ayın sonuna qədər bu işlər yekunlaşacaq. Təmir-bərpa işləri 3 qurum tərəfindən aparılır. Bizim bu məsələlərə qarışmağa ixtiyarımız yoxdur. İcra Hakimiyyəti prosesə sadəcə dəstək verir. 

- Tərtərdə nə qədər məktəb dağıdılıb?

- 16 məktəb dağıdılıb. Təhsil Nazirliyinin təşəbbüsü ilə bu məktəblərdən 14-ü təmir olunub, 1 məktəb isə yenidən tikilib. Prezident İlham Əliyevin sərəncamı ilə 5 saylı məktəbin yenidən tikilməsi üçün layihə sənədləri hazırlanıb. Yaxın günlərdə tikintiyə başlayacağıq. Lakin dərs prinsipini pozmamışıq. 5 saylı məktəbin şagirdlərini yaxınlıqdakı 1 saylı məktəbə köçürmüşük. 

- Qəhrəman şəhərin icra başçısı olmağın çətin tərəfləri nədir?

- Vəzifəmiz vətəndaşları qəbul edib, onları dinləməkdir. Ancaq evinə ziyan dəyən də, dəyməyən də müharibədən istifadə edib, evini təmir etdirmək istəyir. Bizim hər birimiz əsgərik. Döyüş müddətində daim Tərtərdə olmuşuq. Tək indi yox, hətta Birinci Qarabağ müharibəsi dönəmində də ermənilər Tərtərdən ehtiyat ediblər. Ermənilərin bütün həmlələrinin burada qarşısı alınıb. Tərtər müharibə dönəmində təmas xəttinə yaxın yeganə rayon idi ki, bir qarış da olsa torpaq verməyib. Tərtər bu müharibədə 44 şəhid Verdi. Onların hər biri medallarla təltif olunub. Nazirlər Kabinetinin qərarından sonra Tərtərdə bəzi küçə və adlara şəhidlərimizin adları verilib. Yaxın zamanlarda həmin küçələrdə təmir işlərinə başlanılacaq. Qeyd edim ki, Polad Həşimovun da adına küçə verilib. Əlavə edim ki, Tərtər istisna rayondur ki, dövlət büdcəsindən vəsait almayacaq. Kənd təsərrüfatının hesabına özümüz qazanıb, özümüz də xərcləyəcəyik. Bu da müsbət haldır. 

- 44 günlük Vətən müharibəsi dönəmində Tərtər ən çox mərmi atılan rayon oldu…

- Ümumilikdə bu müharibə dönəmində Azərbaycan ərazilərinə 30 min mərmi atılıb. Bu mərmilərdən 16 min 277-i Tərtərin payına düşür. 

- Ermənilərin barbarlıq nümunəsi olan məktəblərlə yanaşı başqa hansı obyektlər muzey olaraq saxlanılacaq? 

- 26 oktyabr 2020-ci ildə Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəlik rəhbərlərinin Tərtərə səfərindən 10 dəqiqə əvvəl ermənilər şəhərin özünə 3 “Smerç” raketi atıblar. Həmin raketin dağıtdığı evlərdən birini muzey kimi saxlamışıq. Bundan əlavə, Tərtər rayonunun Suqovuşan və Talış kəndlərində Zəfər bağı”nı salmağı planlayırıq. 

- Tərtər rayonunun Suqovuşan və Talış kəndlərindən olan məcburi köçkünlər doğma yurdlarına qayıdanda hazırkı evlərinin aqibəti necə olacaq?

- Suqovuşan və Talış kəndlərindən olan məcburi köçkünlər könüllü əsasda öz yurdlarına qayıtmaq üçün bizə ərizələrlə müraciət ediblər. Artıq 136 ailənin oraya köçürülməsi planlaşdırılıb. Bu məsələləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi həyata keçirəcək. Öz rayonumuzda olduğu kimi, işğaldan azad edilən ərazilərimizdə də islahatlar aparılacaq. 

Ülkər Qasımova
FOTO/VİDEO: Nicat Niftəliyev