“İki dozadan 6 ay sonra üçüncü doza vurula bilər”
    • 5-11-2021, 12:42
    • 421

“İki dozadan 6 ay sonra üçüncü doza vurula bilər”

“Ölkəmiz lazımi miqdarda vaksin alır. 2021-ci ilin 18 yanvar tarixindən etibarən  vaksinasiya davam edir, ölkə əhalisinin 60 faizi iki doza peyvəndlənib”.

Bunu Azərbaycan səhiyyə nazirinin müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, əhali iki doza vaksinasiyadan 6 ay keçəndən sonra üçüncü dozanı vurdura bilər: “Bizim statistik göstəricilər şəffafdır. Bu sahədə dünya ölkələri vaksinlərin paylanması ilə bağlı qlobal siyasət qəbul etməlidir”.

T.Musayev həmçinin qeyd edib ki, COVID-19 səhiyyə sisteminə təzyiqlər göstərməkdədir. Yüksək gəlirli ölkələrdə 133 doza 100 nəfərə düşürsə, aşağı təminatlı ölkələrdə 4 doza 100 nəfərə düşür. 

O əlavə edib ki, ölkədə pandemiyanın birinci günündən etibarən pandemiya ilə mübarizədə səmərəli işlər görülüb: “COVID çarpayılarının sayı 50 minə çatıb. Süni nəfəs aparatları gətirilib". /Qafqazinfo.az/