"Keşlə" futbol klubunun adı dəyişdirilir - Bundan sonra...
    • 10-11-2021, 12:03
    • 481

"Keşlə" futbol klubunun adı dəyişdirilir - Bundan sonra...

Bölgələrdə futbolun inkişafına dəstək, sadionun səmərəli və müntəzəm şəkildə istismarı, azarkeş marağının artırılması məqsədilə "Keşlə" Futbol Klubuna "Şamaxı" adı altında eyniadlı şəhəri təmsil etməsi təklif olunub.

News24.az AFFA-ya istinadən xəbər verir ki, bununla əlaqədar "Keşlə" Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib və AFFA-nın təklifi müzakirə olunaraq müsbət dəyərləndirilib.

Məsələ ilə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra 2022-ci ildə "Keşlə" FK-nın adının dəyişdirilərək "Şamaxı" Futbol Klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb. "Şamaxı" FK-nın "Keşlə" Futbol Klubunun hüquqi varisi hesab olunması üçün AFFA və "Keşlə" FK tərəfindən müvafiq qaydada UEFA-ya müraciət olunacaq və yalnız bu məsələ müsbət həllini tapdıqdan sonra müvafiq dəyişikliklər həyata keçiriləcək.

"Keşlə" FK-nın aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonuna qədər Bakıda fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, 2200 nəfər azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın və AFFA-nın maliyyə dəstəyi ilə inşa edilib və UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq.

UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, A milli komandadan başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər.

Stadionun 2021-ci il noyabrın 1-də keçirilən açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.