"Yaşıl Marafon" çərçivəsində iki mindən çox AĞAC ƏKİLDİ - FOTO - VİDEO - YENİLƏNDİ
    • 20-11-2021, 16:12
    • 853

"Yaşıl Marafon" çərçivəsində iki mindən çox AĞAC ƏKİLDİ - FOTO - VİDEO - YENİLƏNDİ

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl Marafon" kampaniyası çərçivəsində növbəti genişmiqyaslı ağacəkmə aksiyaları bu gün Bakının Xocasən və Müşfiqabad qəsəbələrində və bütün bölgələrdə keçirilib.

News24.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər və Təhsil Nazirliklərinin, Dövlət  Gömrük Komitəsinin rəsmilərinin, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin və tələbələrin iştirakı ilə Xocasən qəsəbəsində keçirilən ağacəkmə zamanı Abşeron yarımadasının iqliminə uyğun 2000-dən çox müxtəlif cinsli ağac əkilib.

Aksiyada iştirak edən təhsil naziri Emin Əmrullayev bildirib ki, bu təşəbbüs nəticəsində əkilmiş ağaclar ölkəmizdə ətraf-mühitin qorunması, daha sağlam mühitin yaranması baxımından olduqca vacibdir: "Mən artıq ikinci dəfədir ki, bu kampaniyaya qoşuluram. Burada könüllü təşkilatlarının üzvləri, Azərbaycanda təhsil alan xarici tələbələr də istirak edir. Həmçinin bu proses bir çox qurumlardan olan həmkarlarımızla həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə gənc nəsli belə bir işə cəlb etdiyi üçün təşəkkür edirəm".

Qeyd edək ki, "Yaşıl Marafon" kampaniyası çərçivəsində keçirilən ağacəkmə tədbirlərində dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının, könüllülərin, ictimaiyyət nümayəndələrinin, təbiətsevərlərin  böyük coşqu ilə iştirak etməsi ətraf mühitin qorunması, yaşıllıqların artırılması ilə yanaşı, istilik effekti yaradan qaz tullantılarının azaldılmasına töhfə verir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi builki payız ağacəkmə aksiyalarına da böyük ruh yüksəkliyi ilə qoşularaq dəstək olan media və ictimaiyyət nümayəndələrinə və  bütün tərəfdaşlarına təşəkkürünü bildirir.

Teymur Məmmədov