“Döyülən, əzilən hər bir qadının ağrısı BİZİM AĞRIMIZDIR” – Ruhi Əliyeva
    • 25-11-2021, 18:15
    • 491

“Döyülən, əzilən hər bir qadının ağrısı BİZİM AĞRIMIZDIR” – Ruhi Əliyeva

“ “Liatris holdinq” olaraq hər il dünyanın bir çox ölkələrində olduğu kimi, biz də Azərbaycanda bu günü qeyd edirik. Cəmiyyətimizin, toplumun, insanlığın üz qarası, ən böyük bəlalarından biri olan qadına qarşı zorakılığın, qadınların öldürülməsi, döyülüb-söyülməsi, mənəvi-fiziki şiddət görməsinə diqqət çəkmək, sosial səfərbərlik, yaratmaqla bu problemin həlli yollarının aranması, problemin çözümünün tapılmasına çalışırıq”. 

News24.az-ın məlumatına görə, bunu “Qadına şiddətə son” adlı tədbirdə iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva deyib.

İş xanımı çıxışında qadınların cəmiyyətdə üzləşdiyi fiziki-mənəvi şiddətdən söz açıb: “Hamınız bilirsiniz ki, hər il Azərbaycanda neçə-neçə qadın müxtəlif formalarda şiddətə məruz qalırlar. Zərif cinsin çox sayda nümayəndəsi təhsildən məhrum olur, evlərinə qapadılır, iqtisadi fəaliyyətləri məhdudlaşdırılır, iş həyatında haqsızlıq və ayrı-seçkiliklə üzləşirlər. Ən dəhşətlisi isə həmcinslərimizin xüsusi amansızlıqla qətlə yetirilməsidir. Övladlarının gözü qarşısında onların başı kəsilir, bıçaqlanır, qətl edilir. 

Təkcə elə bu il neçə belə qətlin, amansız ölümlərin xəbərini onlayn mediadan və sosial şəbəkələrdən izlədik. Eləcə də, təcavüz görən qız övladlarla bağlı qorxunc, üzücü xəbərlər aldıq. Onlardan birini – İmişlidə baş verən 11 yaşlı uşağın yaşantılarını yada salmaq mövcud mənzərəni göz önündə canlandırmağa bəs edir. Həmçinin bu il baş verən dəhşətli qadın qətllərinin bir neçəsini qeyd eləmək məsələnin nə qədər aktual və ağrılı olduğunu deməyə yetərlidir. İl ərzində “arvadının başını kəsdi” və ya “arvadını bıçaqladı” kimi başlıqlarla qarşılaşırıq, məhkəmə materialları oxuyuruq.
Bütün bu qəddar hadisələrin səbəbi nədir?! Sosial problemlər, narkotik asılılığı, içki aludəçiliyi, yoxsa digər səbəblər?!”

Ruhi Əliyeva qeyd edib ki, bu məsələdə dövlətə və qurumlara dəstək olmaq məqsədi ilə qadına şiddət mövzusunun müzakirə olunması zəruridir: “Çünki zorakılıq yalnız fiziki anlamda şiddət deyil, həm də insan haqqlarına hayqırıdır. Qadının özgüvənini zədələmək, onun hüquqlarını axtarmaq istəyini zəiflətmək və məhv etməkdir. Şiddət göstərən şəxsin sosial statusu, təhsili, cəmiyyətdəki yeri, çevrəsi necə olursa-olsun, onun əməli görməzdən gəlinməməlidir! Dünyanın harasında bir qadın şiddət görürsə, təcavüzə uğrayırsa, döyülürsə, incidilirsə, bu, hər birimizə olunan haqsızlıqdır. Döyülən, əzilən hər qadının acısı, bizim acımız, ağrısı bizim ağrımızdır. Çünki müdriklər demiş, bir qadının üzündəki ifadə, üzərindəki geyimdən daha vacibdir”.