Bakıda otellərdə qızlarla kef məclisi quran AMİLİN ŞOK ƏMƏLLƏRİ – TƏFƏRRÜAT
    • 26-11-2021, 17:02
    • 1 847

Bakıda otellərdə qızlarla kef məclisi quran AMİLİN ŞOK ƏMƏLLƏRİ – TƏFƏRRÜAT

Noyabrın 24-də Qəbələ rayon Məhkəməsində Ağcabədi rayon sakini, 1984-cü il təvəllüdlü Amil Məmmədov barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.

News24.az
-ın məlumatına görə, hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə Amilin bu ilin may ayında həbsdən çıxandan sonra Qəbələyə bacısıgilə getdiyi və orada yaşamağa başladığı, yeznəsinin onun üçün tapdığı işdə işləməsi, lakin iyun ayında bacısıgilin evindən 13 min manat oğurlayaraq qaçması məlum olub.

Məhkəmədə törətdiyi əməli etiraf edən Amil Məmmədov bacısıgilin Qəbələnin Zarağan kəndində yerləşən evində xalçanın arasında saxladığı 50 min manat pulun 13 minini götürərək Bakıya qaçdığını və həmin pulları əxlaqsız qadınlara, otellərdə keçirdiyi kef məclislərinə xərclədiyini deyib. Etirafedici ifadə verən Amil deyib:

“17.05.2021-ci il tarixdə işləmək məqsədi ilə Qəbələ rayon Zarağan kəndində bacıgilin evinə getdim və onlarla birlikdə yaşamağa başladım. Bacımın əri həm də yaxın qohumum, doğma əmim oğludur. O, məni Qəbələ şəhəri ərazisində yerləşən Azpetrol yanacaqdoldurma məntəqəsinin daxilindəki avtomobillərin yuyulma məntəqəsinə işə düzəltmişdi. Gündəlik işə gedib evə qayıdırdım. Onlarla qaldığım müddət ərzində yeznəmin yatdığı otaqda qara rəngli dəsmala bükərək xalçanın arasına pul qoyduğunun şahidi olmuşdum.

25.06.2021-ci il tarixdə axşam saat 20 radələri olardı ki, işdən evə gələrək həyətdə birlikdə axşam yeməyini yeməyə hazırlaşdığımız zaman ani bir qərar verdim ki, bacımgil ailəvi olaraq hamısı həyətdədir, evdə heç kim yoxdur, onların pul qoyduğu evdən pul oğurlayım. Bacım mənə yemək çəkərkən əlimi yuyub gəlməyimi bəhanə edərək saat 22 radələrində onların evinin yataq otağına daxil oldum, xalçaya yaxınlaşım əlimi xalçanın arasına salıb pul bükülü dəsmalı dartıb çıxardım və dərhal dəsmalı cırdım. Orada xeyli 100 manatlıq əskinazlardan ibarət pul vardı, həmin pullardan müəyyən hissəsini oğurlayaraq pul bükülü dəsmalı yenidən xalçanın arasına geri qoydum. Oğurlamış olduğum pulu saymadan öz yatdığım otaqda yerləşən çarpayının üzərində olan döşəyin altında gizlətdim. Bundan sonra evdən həyətə düşərək bacımgillə birlikdə axşam yeməyini yedim. Sonra bir az söhbətləşdikdən sonra yatmağa getdim. Öz yatdığım otağa daxil olduqdan sonra otağın qapısını arxadan bağladım və oğurlamış olduğum pulları saydım. Pulların miqdarı 13000 (on üç min) manat idi.

Səhər açıldıqdan sonra, 26.06.2021-ci il tarixdə bacımgilin evindən oğurladığım pulları özümlə götürərək işə getmək adı ilə evdən çıxdım. Oradan birbaşa Qəbələ rayon ərazisində yerləşən Dəmiraparan çayının üzərindəki körpünün yaxınlığında dayanan Bakı şəhərinə gedən taksilərin yanına getdim. Orada dayanmış markasını, rəngini və dövlət nömrə nişanını xatırlamadığı taksi sürücüsünə 100 manat vermək şərti ilə məni Bakı şəhərinə aparmasını bildirdim. Həmin taksi ilə Bakı şəhəri Şamaxinka deyilən yerdə gəlib düşdüm. Bundan sonra orada bənövşəyi rəngdə Opel markalı maını sürən adlı taksi sürücüsü ilə tanış oldum. Bakı şəhərini yaxşı tanımadığım üçün Aqildən məni Bakı şəhərində gəzdirməsini xahiş etdim. Aqil ilə 10 günə kimi bir yerdə olduq, məni istədiyim yerə aparırdı, birgə yeyib-içirdik. Bütün pulları Bakı şəhərində yerləşən müxtəlif otellərdə və restoranlarda qızlar dəvət etməklə öz əyləncəmə xərcləyib bitirdim”.

Məhkəmədə ifadə verən zərərçəkən şəxs qaynı Amildən şikayətçi olduğunu, ona ağır cəza verilməsini xahiş edib.

Qəbələ rayon məhkəməsi bacısının evindən xeyli pul oğurlayan şəxsi 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.