"Neftçi"nin baş məşqçisi: "Üstünlüyümüz odur ki, hər an futbolçuları dəyişə bilərik"
    • 25-11-2018, 20:15
    • 852

"Neftçi"nin baş məşqçisi: "Üstünlüyümüz odur ki, hər an futbolçuları dəyişə bilərik"

“Yaxşı oyun göstərmək istəyirdik. Uşaqlar böyük səylər göstərdilər və buna nail olduq. Yaxşı nəticələr göstərən komandaya qarşı səfərdə yaxşı çıxış etdik. Bu da çox xoşdur”.

Bunu "Neftçi" komandasının baş məşqçisi Roberto Bordin səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XII matçından sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Heyətdəki itkilərlə bağlı nə deyə bilərsiniz?
- Çox yaxşı kollektivimiz var. Bu da bizim fərqimizi göstərir.
- Dario Frederiko oyunun əvvəllərində iradlarınıza cavab verdi və sonra mövqeyini dəyişdi. Onu cəza gözləyir?
- Bu normal haldır. Oyun vaxtı baş məşqçi oyunçu ilə danışa bilər. Sadəcə, aramızda söhbət oldu. Ciddi məsələ olsaydı, dərhal əvəzləyərdim. Amma Dario 88 dəqiqə meydanda oldu.
- Rəhman Hacıyevin oyunu sizi nə dərəcədə qane etdi?
- Rəhmanın oyunundan tam razıyam. Qol da vura bilərdi, müdafiədən hücuma keçidlərdə böyük rol oynayırdı.
- Qoran Paratski zədəli olmasa belə, Rəhman Hacıyevin daha çox hücuma qoşulmasını gələcəkdə də görəcəyik?
- Çox böyük kollektivimiz var. Üstünlüyümüz odur ki, hər an futbolçuları dəyişə bilərik. Baş məşqçi kimi hər dəfə seçim edə bilirəm. Bu gün də belə seçim etdim. Fərqli xarakterli oyunçularımızın olması üstünlüyümüzdür. Turnir cədvəlində öndəyik, vurulan toplarda da.
- Növbəti turda "Sabah"la qarşılaşacaqsınız. Kirilo Petrovun yoxluğu sizə problem yarada bilər?
- Hardan bilirsiniz ki, Petrov oynamayacaq? Bu gün yaxşı oynadıq, növbəti matçı isə bundan sonra düşünəcəyik. Hələ bir həftə vaxtımız var. Hazırlıqlı futbolçularımızı buraxacağıq.
- Ehtiyatda cəmi bir legionerinizin olmasını "Səbail"ə texniki məğlubiyyətdən sığorta kimi qiymətləndirmək olar?
- Bu sualı başa düşmədim. Hamınıza uğurlar arzulayıram!