Bu il Azərbaycanda 50 mindən çox şəxsə əlillik təyin edilib
    • 2-12-2021, 13:41
    • 449

Bu il Azərbaycanda 50 mindən çox şəxsə əlillik təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Milli Məclisin deputatları Musa Quliyev, Məlahət İbrahimqızı, Sevinc Hüseynova, Arzu Nağıyev, Aqil Məmmədov, İlham Məmmədov və Soltan Məmmədovla görüş olub.

Bu barədə nazirlikdən məlumat verilib.

Görüşdə Agentliyin sədri Anar Bayramov millət vəkillərinə tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində aparılan işlər barədə məlumat verib. O, əlilliyin qiymətləndirilməsi üzrə rəqəmsal infrastrukturun təkmilləşdirilməsi üçün son aylarda tətbiq olunan yenilikləri qeyd edib. Nəticədə bu e-sistemin funksional imkanlarının xeyli genişləndiyini, tibbi-sosial ekspertizanın operativliyi və daha şəffaf, obyektiv həyata keçirilməsi imkanlarının artdığını bildirib.

A.Bayramov 2021-ci ilin ötən dövründə artıq 50 mindən çox şəxsə əlillik təyin edildiyini deyib. Vətən müharibəsinin 2200 qazisinə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparıldığını qeyd edib. /Report/