Prokurorluq işçiləri üçün tədris tədbiri keçirildi - FOTO
    • 10-12-2021, 16:51
    • 518

Prokurorluq işçiləri üçün tədris tədbiri keçirildi - FOTO

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən prokurorluq işçilərinin nəzəri və peşə hazırlığının artırılması, qanunvericiliyə edilən dəyişikliklərin mənimsənilməsi, istintaq, dövlət ittihamının müdafiəsi, cinayət təqibindən kənar fəaliyyət üzrə vahid təcrübənin formalaşdırılması, insan hüquq və azadlıqlarının müdafiəsi problemlərinin öyrənilməsi məqsədi ilə cari ilin avqust ayından etibarən silsilə tədris tədbirlərinin təşkil olunması barədə Sərəncam imzalanıb.

Baş prokurorluğun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, eyni zamanda “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə” Baş prokuror tərəfindən imzalanmış müvafiq Əmrdə prokurorluq işçiləri tərəfindən qəbul edilmiş Qərarın öyrənilməsi məqsədilə seminar-məşğələlərin təşkili nəzərdə tutulub.

Baş prokurorun müvafiq əmr və sərəncamının icrası ilə bağlı Baş Prokurorluğun Elm-Tədris Mərkəzində 10.12.2021-ci il tarixdə Zoom proqramı vasitəsi ilə onlayn şəkildə növbəti tədris tədbiri keçirilmişdir. Tədris tədbirində 20 tabe şəhər və rayon prokurorluqlarının işçiləri dinləyici qismində iştirak etmiş, tədbirə təlimçi qismində isə Elm-Tədris Mərkəzinin əməkdaşları ilə yanaşı Baş Prokurorluğun aidiyyəti qurumlarının işçiləri də cəlb edilib.

Tədbir çərçivəsində “Rayon prokurorluqlarında törədilmiş və hazırlanan cinayətlərlə bağlı daxil olmuş məlumatların yoxlanılmasında, dövlət və bələdiyyə əmlakının idarə olunması və korrupsiya hüquqpozmaları ilə əlaqədar daxil olmuş müraciətlərə baxılmasında mövcud problemlər, bu sahədə tabe prokurorların təşəbbüskarlığının artırılması istiqamətində qarşıda duran vəzifələr” və “Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, insan hüquqları ilə bağlı qanunvericilik aktları, dövlət proqramları və beynəlxalq sənədlər” adlı mövzular üzrə mühazirələr deyilmiş, son dövrlərdə qanunvericilikdə edilmiş mühüm dəyişikliklər, qüvvəyə minmiş yeni normativ hüquqi aktlar barədə, habelə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı” barədə ətraflı məlumatlar verilib.

Tədbir zamanı təlimçilər tərəfindən iştirakçıların maraq doğuran sualları cavablandırılıb.

Prokurorluq işçilərinin nəzəri bilikləri və peşə vərdişlərinin daha da inkişaf etdirilməsi istiqamətində müvafiq tədris tədbirləri davam etdirilir.