Təhsil naziri: “Yaxın bir-iki ildə HƏR KƏSİ SEVİNDİRƏCƏYİK” - FOTO/VİDEO
    • 10-12-2021, 18:02
    • 460

Təhsil naziri: “Yaxın bir-iki ildə HƏR KƏSİ SEVİNDİRƏCƏYİK” - FOTO/VİDEO

Dekabrın 10-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində “STEAM Azərbaycan Festivalı 2021”in bağlanış mərasimi keçirilib.

News24.az xəbər verir ki, festivala regionlardan 91 komandadan 374 iştirakçı, paytaxt üzrə 198 komandadan 518 iştirakçı olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb. 

Ölkənin 6-11-ci sinif şagirdləri üçün ilk dəfə təşkil edilən festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsidir. Festival çərçivəsində 10 kateqoriya üzrə - “STEAM open (makerthon)”, “Hackathon”, “Mıcro:Bıt”, “Lego sumo”, “Lıne follower”, “3D Cad”, “Short movıe”, “Edu drone”, “Humanoıd robot” yarışlar təşkil edilib.

Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında vurğulayıb ki, şagirdlərin İKT bilik və bacarıqlarının inkişaf etdirilməsində STEAM layihəsinin əhəmiyyəti böyükdür: “STEAM layihəsinin ali və peşə təhsili müəssisələrində tətbiqi nəzərdə tutulur. Layihənin məqsədi yeni çağırışlara cavab verən tədrisi təşkil etməkdir. Hazırda bu layihə Azərbaycanın 15 regionunda yerləşən məktəbləri əhatə edir. Bizim hər birimiz bu festivalın qalibiyik. 3-4 il bundan əvvəl STEAM sözünü eşidəndə inanmırdıq ki, böyük sürətlə bu layihəni inkişaf etdirə bilərik. Amma hazırda STEAM Azərbaycan məktəblərinin bir hissəsidir. Növbəti ildə biz STEAM Azərbaycan layihəsini beynəlxalq statusda keçirmək istəyirik. Xarici şagirdlər də bu festivalda iştirak edəcək. Yanvar-fevral aylarından etibarən təlimlər planlaşdırmışıq. Həmin təlimlərin nəticəsinə əsasən, artıq sentyabrdan bir qədər də geniş saatlarla həm “Rəqəmsal bacarıqlar”, həm də “STEAM”-ı layihə kimi deyil, tədris planının bir hissəsi kimi məktəblərdə keçməyi planlaşdırırıq”.

E.Əmrullayev STEAM layihəsinin bütün ölkə məktəblərini əhatə etməsi üçün müəyyən bir zamana ehtiyacları olduğunu qeyd edib: “Biz tədris planları imzalayıb, formal olaraq bütün məktəblərə STEAM-ı gətirə bilərik. Ancaq buna əvvəlcə müəllimlərimiz inanmalıdır. Prosesin tezləşdirilməsi şagirdlərin, müəllimlərin, məktəb rəhbərliyinin, valideynlərin və ictimaiyyətin məsələyə münasibətindən asılıdır. Bütün yeni inşa olunan məktəblərimizdə STEAM sahələri qurulur. Bu, həm də infratsruktur standartımıza çevrilir. İnanırıq ki, biz yaxın 1-2 ildə bütün hamını ciddi nailiyyətlərlə sevindirəcəyik”. 

STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov saytımıza açıqlamasında bildirib ki, paytaxt məktəblərindən 189-da STEAM dərsləri keçilir: “6-11-ci sinif şagirdləri ni əhatə edən STEAM Azərbaycan layihəsi 300-dən çox məktəbi və 100 mindən çox şagirdi əhatə edir. Bakı məktəblərində STEAM dərslərinin tədrisini 1200 müəllim aparır. Layihə çərçivəsində istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə mütəmadi olaraq yarış və müsabiqələr keçirilir. STEAM Azərbaycan festivalının təşkili də həmin fəaliyyətlər sırasındadır. Festivala regionlardan 91 komandadan 374 iştirakçı, paytaxt üzrə 198 komandadan 518 iştirakçı olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatıldı. 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə vurğulayıb ki, məqsəd texnoloji, innovativ inkişafa şagirdləri yönəltməklə parlaq gələcəyimizi təmin etməkdir.
Qeyd edək ki, 2019-cu ildən Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan STEAM (Science, Technology, Engineering, Art və Math) layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq və s. kimi XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir. Eyni zamanda, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə etmək qabiliyyətlərini yüksəltməkdir.

Müxbir: Məhərrəm Əliyev
Video: Nicat Niftəliyev